SEPAH: Hörmüz boğazında daha iki tanker minaya düşüb, iki gündə batan tankerlərin sayı altıya çatıb
İllüstrativ foto: Fars körfəzində neft tankeri, U.S. Navy, Eben Boothby, Public domain, Wikimedia Commonsİran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bildirir ki, Hörmüz boğazında daha iki neft tankeri dəniz minasına düşüb və partlayışlar bir neçə saat davam edib.
SEPAH-ın iddiasına görə, hər iki tanker ABŞ hərbi təyyarələrinin dəstəyi və amerikalı zabitlərin birbaşa idarəsi ilə boğazın “icazəsiz cənub marşrutu” ilə keçməyə çalışıb. Qurum yazır ki, dünəndən bəri Hörmüzdə alışıb batan tankerlərin sayı altıya çatıb və partlayışlardan yaranan çirklənmə boğazın bütün sularına yayılıb. ABŞ tərəfi bu iddiaya hələlik cavab verməyib.
SEPAH bazar günü də iki tankerin minaya düşdüyünü və 2 milyon barel neft daşıyan supertankerin batdığını bildirmişdi.
Neft bazarı isə bu xəbərlərə hələlik qiymət artımı ilə cavab vermir. Londonun ICE birjasında yanvar tədarüklü Brent neftinin qiyməti Bakı vaxtı ilə saat 09:20-də 46 sent ucuzlaşaraq barreli 95,38 dollar olub. Ötən həftə Brent və WTI 2,5 faiz ucuzlaşmışdı.
Beynəlxalq Enerji Agentliyi cümə günü 2026-cı il üçün qlobal neft təklifi proqnozunu gündə 920 min barel artıraraq 101,6 milyon barelə qaldırıb və dördüncü rübdə təklifin tələbi üstələyəcəyini gözlədiyini bildirib. Azərbaycanın əsas ixrac nefti “Azeri Light” Brent-ə bağlı qiymətləndiyi üçün bu dəyişikliklər birbaşa ölkənin neft gəlirlərinə təsir edir.


