Son dəqiqə:Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Sofiyada Avropa birinciliyində gümüş medal qazanıb - 02-11-2026

Evlərinə oğru girən qız

13-01-2016 00:38 / Bu xəbər 2726 dəfə oxundu
Vasif Əlihüseyn

Orta məktəbin 9-cu sinifində bir qızı sevməyə başladım. Adını yaza bilməyəcəm, amma ikimizin də baş hərfi eyni idi. Ağappaq qız idi, qara uzun saçları vardı. 

O qədər sakit qız idi ki, danışdırmasan heç səsi çıxmazdı. Sinif qızlarıyla söhbət edəndə, ancaq qulaqlarımı onun səsinə şəkləyirdim ki, İlahi, bu qızın bir səsin eşidib. İnsan bu qədər sakit olmaz axı. Dərsini elə də yaxşı oxumasa da, belə tərbiyəli bir qıza heç bir müəllim aşağı qiymət yazmağı vijdanına sığışdırmırdı. 

Məndən başqa da onu istəyən vardı, amma mən ona onu sevənlərdən daha yaxın idim, çünki sinif yoldaşı idik. Hər səhər dərsə gələndə gözləyirdim evdən çıxıb irəlidə o gedirdi, ondan on metr arxada da mən. Axşamüstü dərsdən çıxanda da, səhər gəldiyimiz kimi evə qayıdırdıq.

Evə gəlib yeməyimi yeyəndən sonra gedib onların küçələrində veyil – veyil gəzirdim ki, onu bir dəfə görüm. Sanki, onu məktəbdə görməkdən doymamışdım. Bu söhbəti sonradan anası da bilib qızı danlamışdı. Sonra da rəhmətlik anama xəbər yollamışdı ki: "bəs oğluna tapşır buralara hərlənməsin, mən hələ qız ərə vermirəm”. 

Rəhmətlik anam da məni çox istədiyindən xətrimə dəymədi, elə sakitcə dedi: "Getmə o yanlara, anası narazılıq edir”.  

Bundan sonra elə sevdiyimi məktəbdə görməyimlə kifayətlənirdim.

Məktəbdə oxusa da, hər dəfə kəntdən ona elçilər gəlirdi.  

Bir gün məktəbə hay düşdü ki, onların evlərinə oğru girib. İnan ürəyim qırıldı, dedim bəlkə qız həyatı ilə vidalaşıb.

Hadisəyə səbəb isə qızın əmisi olub. Qızın əmisi evə girən oğru gədənin bacısını istəyib və bir neçə dəfə görüşə də çıxarıb. Şəhər yerinə baxmayın, kənd yerində qızı görüşə çıxarmağa pis baxırlar. Yəni qız oğlanla görüşübsə, bunu kimsə bilsə o, qızı heç kim alası deyil. Gərək görüşən özü evlənə qızla. Qızın əmisi də qızı almaqdan imtina edib. Bunu eşidən qardaşı deyib ki, mən də onun qardaşı qızından qisas alaram. Səhər durub gözləyib və sevdiyimin anası bazara gedən kimi, oğlan gedib soxulub bunlara.
 
Sevdiyim olduğuna görə demirəm, həqiqətən yazıq qız çox namuslu qız idi. Qıza hücum edən gədə görüb ki, qızla bacara bilmir əlini atıb qıza bıçaq çıxarıb ki, qışqırsan başını kəsəcəm. Amma, qız buna da məhəl qoymayıb. Bıçağı oğlanın əlində elə tutub ki, yazıq qızın əli ortadan iki bölünüb. Səsə qonşular tökülüb və gədəni qovublar. Qızı da maşına qoyub xəstəxanaya çatdırıblar ki, əlini tikdisinlər. 

Sevdiyimə bıçaq çıxardan oğlanı həbs elədilər. Bundan sonra sevdiyim məktəbə gəlmədi. Elçiləri də yoxa çıxdı. Sevdiyimi görmək üçün ancaq ümüdim kənd toylarına qalmışdı. Ancaq onda görə bilirdim onu. Bundan sonra ona kim elçi düşmək istəyirdisə, oğlan anaları deyirdi ki, onların evinə oğru girib, elə qızı özümə gəlin eləyə bilmərəm. Bunu eşidən sevdiyimin anası da ağlamışdı, demişdi ki: "mənim qızıma heç nə olmayıb. Buna köməyə gələn qonşular da şahiddi”. Amma, bütün bunlara baxmayaraq söz – söhbət yolda oturan arvadların ağzından düşmədi. 
 
Vaxt gəldi mən hərbi xidmətə yollandım, sevdiyimin atası isə ailəsini də götürüb xaricdə yaşayan qohumlarının yanına köçdü. Sonra eşitdim ki, sevdiyim orda gözəl bir ailənin gəlini olub. O qədər sevindim ki, dedim nə yaxşı ki, bizim kəntdə sənin haqqında böhtan danışan qadınların gəlini olmadın. Sən daha gözəl günlərə layiqsən, xoşbəxt ol!

Bölmələr:




Digər xəbərlər