Son dəqiqə:Ukrayna: Rusiyanın Zaporojyedə humanitar yardım paylanan məktəbə atdığı bombalardan 24 nəfər ölüb - 02-11-2026

Azərbaycanda ötən il məhkum olunanların 41 faizi narkotik maddəsi ilə cəza alıb

Foto: Battlesnake1, CC0, Wikimedia Commons
30-10-2026 13:10

Azərbaycanda 2025-ci ildə məhkum edilən 13 846 nəfərin 41 faizi, yəni 5 683 nəfəri narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə cəza alıb.

Məhkəmə-Hüquq Şurasının illik statistik hesabatına görə, 2024-cü ildə məhkumların sayı 15 885 nəfər olub. Bir ildə bu göstərici 12,8 faiz azalıb.

Narkotik cinayətləri üzrə məhkumların sayı da 7 659-dan 5 683-ə düşüb, amma bu kateqoriya yenə də ilk yerdədir. İkinci yerdə 3 680 nəfərlə mülkiyyət əleyhinə cinayətlər gəlir. Korrupsiya və qulluq cinayətlərinə görə isə cəmi 120 nəfər məhkum olunub.

Ümumi azalmaya baxmayaraq, 14-17 yaşlı məhkumların sayı 285-dən 308-ə qalxıb, yəni 8,1 faiz artıb.

Yerli hüquq müdafiəçiləri, həmçinin "Human Rights Watch" və "Amnesty International" uzun illərdir bəzi siyasi fəalların, hökumət tənqidçilərinin və dindarların narkotik ittihamı ilə həbs edildiyini, bu ittihamların bir qisminin siyasi motivli olduğunu bildirirlər. Hökumət bu iddiaları qəbul etmir.

Digər xəbərlər