Hamar yolu şumlayanlar – Haramıdan reportaj -FOTOLAR
Elə olmaz ki, yolum doğma yerlərə düşə və orada yeni bir anormal durumla üzləşməyəm.
Hər dəfə mütləq insanları narahat edən, şikayətlənmələrinə əsas verən nəsə olur.
Belə görünür ki, hər yerdə belədir. Məsələn, bu gün Füzuliyə yox, Ağstafaya, Neftçalaya getsəm də, orda insanlar məmurların tətbiq etdiyi hansısa absurd "yenilik”dən, "qayda-qanun”dan şikayətçi olacaqlar.
Ötən həftənin bazar günü Füzulidə gördüyüm mənzərə isə heç bir dəftər-kitaba sığması mümkün olmayan kateqoriyadandır.
Bilənlər bilir, Beyləqan rayonunun Daşburun qəsəbəsindən 5-6 kilometr cənub-qərbdə, tarixən Haramı adlanan düzəngahda Füzuli rayonuna məxsus, əsasən bu rayondan olan məcburi köçkünlərin məskunlaşdığı Qayıdış adlı qəsəbələr silsiləsi salınıb.
Torpağın bərəkətindən, suvarma suyu ilə təminatındandır ki, qəsəbələr kurort zonalarında olduğu qədər yaşıllığa malikdir – bütün evlər iri çətirli ağacların əhatəsindədir.
Bir neçə ay öncəyə qədər qəsəbələrin yanından keçən və sonuncu Örənqala qəsəbəsinə qədər uzanan 20 kilometrlik magistral yol da ideal vəziyyətdə idi, hərdən bir sağa-sola döngələri olsa da, şüşə kimi hamardı. 11 qəsəbənin minlərlə sakini bu yoldan istifadə edərək, tezliklə Horadizə, Beyləqana, Bakıya gedə bilirdilər.
İndi durum dəyişib, Bakıdan Horadizə gələn adam gəlib çatır, Horadizdən Örənqalaya gedən adam isə hələ yol ölçür.
Çünki 3-4 ay öncə səriştəsiz olduqları qədər də məsuliyyətsiz və tamahkar olan məmurlar, daha dəqiqi, yol təsərrüfatının baş bilənləri bu şüşə kimi hamar yolu şumlayıblar, heç bir səbəb olmadan qaşıyıb-qazıyıb bərbad ediblər.
Onlar elə bir iş görüblər ki, Stalin dövründə bunu açıq sabotaj, diversiya adlandırar və səbəbkarları ən aşağısı, Sibir türmələrinə basardılar.
Gerçəkdən də yolun bərbad edilməsinə heç bir zərurət olmayıb. Bəzi hissələrdə asfalt üzərində xırım-xırda çala-çuxur yaranıbmış və onu yüngül təmirlə başa gətirmək olarmış. 3-4 ay öncə yol tikintisi və təmiri ilə məşğul olan mərkəzi idarədən buraya texnika gətirilib və guya ki, yolda təmirə başlayıblar.
Yerli sakinlər danışır ki, yolda hərəkəti çətinləşdirən bərbad hissə 300-500 metr aralığında olub, ancaq yol təmirçiləri nəyə görəsə 20 kilometrlik yolun hamısını şumlayıblar, asfalt örtüyünü qazıyıb təpələr düzəldiblər.
Əhali elə bilib ki, bu, şəhər yerlərində adi hal olan asfalt qaşınmasıdır, onu sonradan yenidən qırlayıb, bişirib yola döşəyəcəklər. Ancaq təmirçilər yolun ortasına qalaqladıqları asfaltın 90 faizini yenidən yola yayıblar. Belə edərkən onlar nə düşünüblər, bilinmir. Bəlkə elə biliblər, Haramı düzünün istisi bu asfalt parçalarını özü bişirəcək, yola yayacaq?
Onlar hər nə düşünüblər, bilinmir, ortaya çıxan mənzərə belədir: asfalt qırıqları, iri daşlar, doğranmış çınqıl parçaları yolda hərəkəti çətinləşdirib. Hələ yaxşı ki, iri yük maşınları yoldakı kələ-kötürlükləri bir az hamarlayıb, yoxsa yüngül maşınların hərəkəti heç mümkün deyilmiş.
3-4 ay əvvəl bu yolda avtomobillər saatda 90, 100, hətta 120 km sürətlə hərəkət edə bilərdilərsə, indi sürət saatda 5 km (yəni piyada gedən adam) həddinə düşüb.
Camaat yol təmirçilərinin nədən belə bir təsərrüfatsızlıq etdiklərinin məqsəd, məramını bilmirlər.
Hazırda hamı oturub gözləyir ki, Füzuli rayonunun yollarının abadlaşdırılmasına ayrılmış 3 milyon manatdan 1 milyonu da bu yolun bərpasına yönəldiləcək və nəhayət, 10 mindən artıq adamın işinə yarayan yol bərpa olunacaq.
İlkin hesablamalara görə, 3-4 ay öncə şüşə kimi hamar olan bu yolun bərpasına ən azı bir milyon manat vəsait lazımdır. Halbuki bu yoldakı problemləri 3-5 min manatla həll etmək olardı.
Hamar yolu şumlayıb bu hala salanları, əlbəttə ki, cəzalandıran olmayacaq. Əksinə, onlar yolu əvvəlki vəziyyətinə qaytarmaq üçün yeni layihələr təqdim edəcəklər və xeyli pul vəsaiti qamarlayıb ciblərinə qoyacaqlar.
Həmişə və hər yerdə olduğu kimi, burada da məqsəd dövlət vəsaitini məngirləməkdir.





