Son dəqiqə:Həbsdəki jurnalist Polad Aslanov 20 günlük aclığı dayandırıb, həyat yoldaşı çəkisinin 41 kiloqrama düşdüyünü deyir - 03-11-2026

Tramp Ukrayna müharibəsinin yaxın vaxtda bitəcəyini deyir, Zelenskini G20-yə dəvət edə biləcəyini bildirir

Foto: The White House from Washington, DC, Public domain, Wikimedia Commons
01-11-2026 11:58

ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı müharibənin yaxın gələcəkdə bitəcəyini düşündüyünü deyib.

Tramp bunu Floridadakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə bildirib. Bir gün əvvəl "The Benny Show" verilişində isə o, razılaşmaya çox yaxın olduqlarını iddia edib: "Əvvəl bunu deməmişdim, indi deyə bilərəm. Tərəflərin münaqişəni həll etmək üçün çox yaxşı şansı var".

Tramp şənbə günü jurnalistlərin sualına cavabında Ukrayna Prezidenti Volodimir Zelenskini dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitinə "dəvət edərdi" deyib və bunda heç bir problem görmədiyini bildirib. ABŞ dövlət katibi Marko Rubio də həmin gün Zelenskinin dəvət oluna biləcəyini istisna etməyib.

Vaşinqtonun sammitə Rusiya Prezidenti Vladimir Putini də dəvət etdiyi sentyabrda məlum olmuşdu. Demokrat və Respublikaçı senatorlardan ibarət qrup Trampı bu dəvəti geri götürməyə çağırıb. Putinin sammitə gedib-getməyəcəyi hələ bəlli deyil.

Zelenski bir gün əvvəl İstanbulda noyabrın ilk yarısında Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşə hazırlıq getdiyini demişdi.

Digər xəbərlər