Son dəqiqə:Kiyev yaxınlığında hərbçilərin saxlandığı evin qarşısında toqquşma olub, Ukrayna prezident ofisinin rəhbəri yerə gəlib - 03-11-2026

"Azəriqaz"dan qazsız açıqlama

17-10-2016 15:55 / Bu xəbər 91 dəfə oxundu
Paytaxtda iki gündür ki, kəskin hava şəraiti hökm sürür. Sosial şəbəkələrdə vətəndaşlar qazın verilməsində yaşanan problemlərlə bağlı yazıblar. 

"Hava soyumamış qaz yoxa çıxdı. Qışa odun toplayaq? #YeniYasamalqazahəsrət" - bunu Vətəndaş Cəmiyyətinin fəal üzvü Bəşir Süleymanlı, "Qaz bu gün də yoxdur, bəlkə də, qaz işçiləri pambığa gedib, idarədən çıxanda qazı bağlayıblar" ifadəsini isə jurnalist Şahvələd Çobanoğlu feysbuk profilində qeyd edib.

"Səhərdən qaz kəsilib, daha doğrusu, o qədər zəifdi ki, olmasa ondan yaxşıdır. Çaydan 2 saata qaynayır. 1 saatdan çoxdu işıq da yoxdu. Nə baş verir?!" - bunu sosial şəbəkə fəalı Pərviz Əzimov yazıb. 

Enerji məsələləri üzrə ekspert İlham Şaban şəxsi feysbuk hesabında paytaxtda qaz verilməsi problemindən yazıb: "Evdə kombi yanmır. Çünki qazın təzyiqi buna imkan vermir. Niyə aşağı təzyiqdədir? Sadə bir izahı var: əslində, bu gün həm SOCAR-ın Neft və Qaz Çıxarma İdarələrindən, həm AÇG, həm də Şahdənizdən ölkənin daxili bazarı üçün alınan qaz yetərincədir. Sadəcə, bu qaz həcmlərinin yarısı verilir energetiklərə ki, onu işığa çevirsinlər. Sutkalıq 15-16 mln m3 qaz da vurulur yeraltı qaz anbarlarına ki, qışda problemsiz qaz təminatını ölkə həll edə bilsin və yerdə qalan hissə daxili bazarın ehtiyaclarının ödənilməsinə sərf edilir. Temperatur düşəndə təbii ki, qaz sərfiyyatı artır: kimi qaz plitəsini daim birləşdirir, kimi elektrik qızdırıcılarını (bu da son nəticədə istilik elektrik stansiyalarında qaz sərfiyyatını artırır), kimi də kombini. Ancaq VİNTİl cəmi loru dildə desək, 1 oborot açılıb şəhərimizə və ya qəsəbəmizə. Hələ qış rejiminə keçid baş verməyib. Ona görə də paylaşanda şəbəkədə qaz, sadəcə, zəif gəlir - bu obyektiv bir səbəbdir".

"Bu qaz üçün bir payız rejimi də təyin edin" başlığı ilə bir çox vətəndaş da narazılığını bildirib. 

Bu şikayətləri nəzərə alaraq, AİB-in əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayevlə əlaqə saxladıq.

O, Toplumtv.com-a bildirib ki, qaz çatışmazlığı halları şəhərin müxtəlif ərazilərində müşahidə olunub: "Bu məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyinin "Qaynar xətt"inə daxil olan müraciətlər əsasında əməkdaşlarımız tərəfindən tənzimləmə işləri həyata keçirilir. 19 oktyabra qədər çatışmazlıqlar aradan qaldıralacaq". 

"Növbəlilik əsasında aidiyyatı ərazilərdə təbii qazın çatışmazlığı bağlı tənzimləmə işləri aparılmaqda davam edəcək. Kəskin hava şəraitində Azəriqaz İstehsalat Birliyinin "Qaynar xətt"inin 104 və 185 nömrələri xidmət göstərir", - deyə AİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi bildirib.

İbrahim Kərbəlayevin açıqlamasına deputat Çingiz Qənizadə münasibət bildirib. 

"Mənim yaşadığım ərazidə, yəni Binəqədi rayonu Koroğlu küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində olan yüzlərlə evdə qaz yoxdur. Bu problem son 3-5 günün problemi deyil. Artıq 15- 20 gündür ki, bu problemi yaşayırıq", - deputat bildirib. 

Çingiz Qənizadənin sözlərinə görə, ərazilərdə qaz idarələri ləğv edilib: "Qaz idarələri ləğv edilib. Hamısı da hər hansı qaz istismar departamentinə birləşdirilib. Departament də şəhərin hansısa bir ərazisində yerləşir. Binəqədi üzrə  də biz sözümüzü deməyə adam tapa bilmirik. O departamentin yeri də məlum deyil, departamentə Osman adlı bir şəxs rəhbərlik edir". 

Deputat şikayətləri bildirmək üçün "Azəriqaz”ın əlaqə telefonlarının olmadığını deyib: "Sadəcə, "Qaynar xətt”in nömrəsi var. Onu da yığırıq, təbii ki, heç kim cavab vermir. İbrahim Kərbalayev kimi adamlar xalqa yalan danışmasınlar. Camaatın üzünə baxa-baxa qeyd edirlər ki, təlabata uyğun olaraq mavi yanacaq verirlər. Tamamilə yalandır. Elə qaz verirlər ki, çaynik 1 saata qaynayır. Yalan danışmaq əvəzinə qazın təzyiqini artırmaq lazımdır”.

Ofelya Ramilqizi

Digər xəbərlər