2017-ci il necə olacaq? - Proqnozlar, gözləntilər, arzular...
Bir çox diqqətçəkən hadisələrlə yadda qalan 2016-cı il son günlərini yaşayır. Qarşıdan isə necə olacağı ilə bağlı müxtəlif pronozlar səslənən 2017-ci il gəlir.
Toplum.Tv olaraq, məhz bütün bunları nəzərə alıb, "2017-ci ildə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatı ilə bağlı gözləntiləriniz nədir?" sualı ilə cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxslərə, ictimai-siyasi xadimlərə, jurnalistlərə, vətəndaş cəmiyyətinin üzvlərinə müraciət etdik. Gəlin 2017ci illə bağlı gözləntiləri onların özlərindən eşidək:
Aydın Mirzəzadə: "Dağlıq Qarabağ mövzusunda irəliləyiş ola bilər"
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə Toplum.Tv-yə 2017-ci illə bağlı gözləntilərini bölüşərkən qeyd etdi ki, növbəti ildə islahatların nəticələrini, onların gerçəkləşməsini gözləyir:

"2016-cı ildə bir çox islahatlar həyata keçirildi. İlk növbədə növbəti ildə onların nəticəsini gözləyirəm. İqtisadi inkişaf, maliyyə sabitliyi, kiçik və orta sahibkarlıqın genişlənməsi və bu baxımdan iş yerlərinin artması və s. birinci gözləntilərimdir və real görünən bunlardır. İkinci gözləntim vətəndaşların mənzillə təminatında ciddi irəliləyişin olmasıdır. Sosial evlərin tikintisi, mənzil tikintisi ilə bağlı böyük irəliləyiş, qəza vəziyyətində olan evlərin yerinə hündürmərtəbəli yaşayış binalarının tikilməsi və s. Müavinətlərin, pensiyaların artımı gözləniləndir. Azərbaycanda qeyri-neft sektorunun inkişafına, daha da genişlənməsinə və Dağlıq Qarabağ probleminin həllində müəyyən irəliləyişin olmasına ümid etmək olar. Azərbaycanın Dağlıq Qarabağ məsələsində qəti mövqeyi, silahlı qüvvələrimiz gücləndirilməsi, - bunların hamısı problemin həllində müəyyən dəyişikliklərin olmasına gətirib çıxarda bilər. Dünyada isə ilk növbədə gərginliyin azalması, Rusiya və Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq formalarının genişlənməsi, Suriya probleminin həllinin tapılması kimi məsələlərin bəşəriyyət 2017-ci ildən gözləyir”.
Rəsul Cəfərov: "Bu, ölkənin beynəlxalq imici üçün çox ziyanlıdır”

Hüquq müdafiəçisi Rəsul Cəfərov isə bildirib ki, 2017-ci ilə Azərbaycan üçün çətin il olacaq: "Ümumi gözləntilərlə bağlı nəsə söyləmək bir az çətindir. Müəyyən mənada gərək proqnoz vermiş olum. Mən isə proqnoz verməyi sevmirəm. Ümumən onu deyə bilərəm ki, ictimai-siyasi həyatda ciddi hadisələr baş verə bilər. Çox güman ki, iqtisadi göstəricilər aşağı düşdüyünə, iqtisadiyyatda kifayət qədər ciddi problemlər müşahidə edildiyinə görə bu, yəqin ki, ictimai-siyasi proseslərə də öz təsirini göstərmiş olacaq. Bu baş verəcəyi təqdirdə çox vacibdir ki, hakimiyyət öz soyuqqanlılığını saxlasın və qanunla qadağan edilmiş addımlara yol verməsin. Əgər haradasa bir etirazlar varsa, o etirazları dağıtmaq, əzmək əvəzinə həmin etirazlarda səslənən məsələləri daha çox diqqət ayrılmalıdır. Eyni zamanda düşünürəm ki, Azərbaycanın təmsil olunduğu beynəlxalq platformalarda təzyiqlərlə üzləşə bilər. Hansı ki həmin platformalarda götürdüyü öhdəliklər şəffaflıq, cavabdehlik və açıq cəmiyyət prinsiplərinə söykənir. Məhz həmin platformalar vasitəsi ilə müəyyən təzyiqlər olacaq ki, Azərbaycanda qeyri-hökümət təşkilatlarının vəziyyəti yaxşılaşdırılsın və qanunvericilik dəyişdirilsin. Ümid edirəm ki, hazırda həbsdə olan siyasi məhbusların böyük hissəsi ən azından azadlığa buraxılacaq. Çünki bu halın özü ölkənin beynəlxalq imici üçün çox ziyanlıdır. Mənə elə gəlir ki, bu hal həbsdə olanlardan daha çox hökumətin özünə, dövlətin xarici nüfuzuna çox mənfi təsir göstərir. Hesab edirəm ki, növbəti ildə müəyyən anlamda siyasi fəallıq da artmış olacaq, çünki siyasi qurumların, siyasi təşkilatların mövcud vəziyyətə uyğun olaraq daha çox fəallaşmasını gözləyirəm. Yəni ümumi gözləntilərim bundan ibarətdir”.
Cəmil Həsənli: "2017-ci ildə xalqımızı çox böyük sarsıntılar gözləyir”

Milli Şuranın sədri Cəmil Həsənli Toplum Tv-yə açıqlamasında deyib ki, 2017-ci ildən ciddi gözləntisi yoxdur: "Doğrusu, 2017-ci ildən elə də böyük bir gözləntim yoxdur. Əksinə, 2017-ci ildə bizim əhalimizi, xalqımızı çox böyük sarsıntılar gözləyir. Çünki maliyyə krizisi dərinləşir, iqtisadi böhran ağırlaşır, insanların təminatında ağır problemlər yaşanır və sosial yardımların kəsilməsi barədə artıq anonslar verilib, iş yerləri bağlanıb. Yəni biz belə bir göstəricilərlə 2017-ci ilə daxil oluruq və bu şəraitdə ildən, sadəcə, süni optimizm xatirinə bir şeylər gözləməyin mənası yoxdur. Ona görə də 2017-ci il hər halda 2016-cı ildən daha ağır ola bilər. Ən ağır gözlənti elə budur”.
İsa Qəmbər: "Hamımızı kifayət qədər gərgin, çətin bir il gözləyir”

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin fikrincə, hakimiyyətin bərbad siyasəti ölkəni ciddi problemlərlə üz-üzə qoyub: "Hökümətin bərbad siyasəti Azərbaycanı çox ağır vəziyyətə salıb. Onsuz da dünyada xeyli problemlər, regionda gərginliklər var və bunlar da bu və digər formada Azərbaycana təsir göstərir. Azərbaycan hakimiyyətinin isə korrupsioner siyasəti ölkənin sosial-iqdisadi vəziyyətini çox ağır həddə gətirib çatdırıb. Bölgədəki haqsızlıqlar, ədalətsizlikər də ictimai-siyasi münasibətləri gərginləşdirib. Görünən odur ki, 2017-ci ildə bütün bu istiqamətlər üzrə vəziyyət daha da gərginləşəcək, daha da kəskinləşəcək. Azərbaycanı və hamımızı kifayət qədər gərgin, çətin bir il gözləyir. Ona görə də düşünürəm ki, demokratik düşərgə, Azərbaycanı sevən insanlar üzümüzə gələ ildə həddindən artıq diqqətli, məsuliyyətli və fədakar davranmalıdırlar”.
Seymur Kazımov: "Səhvləri tez bir zamanda düzəltməsək, 2017-ci il də 2016-cı il kimi bir şey olacaq”
Jurnalist Seymur Kazımov Toplum Tv-yə 2017-ci ildən gözləntilərini bölüşərkən deyib: "2017-ci ildə dəqiq deyə bilmərəm nə olacaq, çünki proqnoz vermək qabiliyyətim o qədər də yüksək deyil. Amma düşünürəm ki, 2016-cı ildə buraxdığımız səhvləri tez bir zamanda düzəltməsək, 2017-ci il də 2016-cı il kimi bir şey olacaq. Çünki elə bir müsbət nümunə yoxdur, onu götürüb deyək ki, hə, 2017-ci ildə bu sferada düzəliş olacaq. İstər siyasi-iqtisadi vəziyyət, istər medianın durumu, istərsə də Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi bir şey gözləmirəm. Yəni 2016-cı ildə hər hansı bir ciddi uğurumuz, ciddi bir irəliləyişimiz olmadığına kimi, 2017-ci illə bağlı da gözləntilərim o qədər də pozitiv deyil”.
Elxan Şahinoğlu: "2017-ci ildə mütləq və mütləq iqdisadi islahatları sürətləndirmək lazımdır”

Siyasi şərhçi Elxan Şahinoğlu isə hesab edir ki, ölkədə iqtisadi və siyasi islahatları gerçəkləşdirmək lazımdır: "2016-cı ilin sentyabr ayında referendum keçirildi, Konstitusiyaya dəyişiklik edildi. Əsas məqsəd o idi ki, iqtisadi islahatlar sürətlənsin. Düşünürəm ki, 2017-ci ildə iqtisadi islahatları sürətləndirmək lazım gələcək, çünki neftin qiyməti həm aşağı düşür, həm də Azərbaycanda istehsalı azalır. Azərbaycan bütün hallarda neftdən olan asılılığını azaltmalıdır və getdikcə iqtisadi və sosial həyatda problemlərini boğmalıdır. Ona görə də, 2017-ci ildə mütləq və mütləq iqdisadi islahatları sürətləndirmək lazımdır. Bunsuz Azərbaycan qarşısında duran problemləri həll edə bilməz. Digər tərəfdən də, Dağlıq Qarabağ münaqişəsinin həllində 2017-ci ildə ciddi bir yenilik gözləmirəm. Çünki 2016-cı il apreldə baş verən hərbi toqquşmalar zamanı böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiqi ola bilərdi. Bu baş vermədi və danışıqlarda da irəliləyiş yoxdur. 2017-ci ildə vəziyyətin yenə də mürəkkəb qalacağını düşünürəm”.
Aslan İsmayılov: "Çox təlatümlü il gözləyirəm, çox təlatümlü...”
Hüquqşünas Aslan İsmayılov da 2017-ci ilin ağır olacağını vurğulayıb: "Mən bir şey deməyə də çətinlik çəkirəm. Ona görə ki hakimiyyət tərəfindən bir perspektiv görmürəm. Hələlik deyilənlər söz yığımıdır. Hansısa sıçrayışdan danışırlar, orda da olan isə tamam başqa şeylərdir. Yəni konkret bir islahat və irəliləyiş yoxdur. Ona görə də çox təlatümlü il gözləyirəm, həm də çox təlatümlü..."
Nazim Bəydəmirli: "Ölkənin iqtisadi böhrandan qurtulmasını arzu edirəm”
Keçmiş deputat, iqtisadçı ekspert Nazim Bəydəmirli isə i illə bağlı danışarkən bunları qeyd edib: "Vətəndaşların real gəlirləri çox azalıb. Dolların kursunun dəyişməsi ilə bağlı Azərbaycan vətəndaşları 2016-cı ildə kifayət qədər sarsıntılar yaşadılar. Dekorativ yox, həqiqi islahatların aparılmasını, məmur sahibkarlığına, nəhayət ki, son qoyulmasını, inhisarlaşmanın aradan qaldırılmasını arzu edərdim. Çünki Azərbaycan vətəndaşlarının, həmçinin dövlətin büdcəsinin gəlirlərin artması birbaşa real sahibkarlığın rəqabət mühitində çalışmasından, real sektorun, real iqtisadi fəaliyyətin dirçəlməsindən keçir. Hələ ki, biz bunun şahidi olmamışıq. Çoxlu qurumlar yaradılır, müxtəlif yol xəritələri elan olunub. Bütün bunlara baxdıqda görürəm ki, daha çox dövlətin iqtisadiyyatının sovetlər dönəmindəki kimi idarə edilməsinə cəhdlər edilir. Bu, çox təhlükəli məqamdır”.
Azər Qasımlı: "Hakimiyyətin bu krizisi idarə etmək üçün hardasa 2-3 ilə yaxın bir zamanı olacaq”
Respublikaçı Alternativ Təşkilatının İdarə Heyətinin üzvü Azər Qasımlı bildirib ki, REAL 2017-ci ildən gözləntilərini dəfələrlə açıqlayıb: "Sözün açığı, bu gözləntiləri biz hardasa 5-6 il bundan əvvəl dilə gətirmişdik. Lakin 5-6 il öncə dediklərimiz 2018-ci ilə aid idi. Biz dünya bazarında neftin, qazın qiymətinin düşməsini gözləyirdik. Çünki dünyada - ABŞ-da 2011-ci ildə sist nefti və qazı inqilabı baş vermişdi. Bunun nəticəsi olaraq aydın idi ki, dünya bazarında neftin qiyməti düşəcək. Azərbaycan iqtisadiyyatı da neftdən asılı olduğuna görə gözləntilərimiz bundan ibarət idi ki, ölkənin iqtisadi durumu ciddi bir duğunluq dönəminə girəcək, krizis yaşanacaq və hakimiyyətə də bu krizisi aradan qaldırmaq üçün hardasa 2-3 ilə yaxın vaxt lazım olacaq. Yəni əgər qiymətlər düşsə və olduğu kimi qalsa... Amma biz bunu daha çox 2018-ci il üçün gözləyirdik. Görünən odur ki, bu proses daha tez, yəni 2014-cü ilin sonu 2015-ci ilin əvvəlində baş verdi. 2018-ci illə bağlı düşündüklərimizi indiki halda 2017-ci il üçün gözləyirik.
İndi isə konkret suala cavab olaraq onu deyə bilərəm ki, 2017-ci ildə Azərbaycan iqtisadiyyatının daha da kiçilməsini, böhranın daha da dərinləşməsini, bununla əlaqədar insanların sosial vəziyyətinin daha da ağırlaşacağını gözləyirik. Aydın məsələdir ki, ilk növbədə bank sektorunda ciddi problemlər olacaq, manatın devalvasiyası davam etdiriləcək, böyük ehtimalla bu da infilasiyaya, qiymət artımına gətirəcək. Sonuc etibarilə aydın məsələdir ki, sosial problemlər daha da dərinləşəcək. Bu sosial durum bölgələrdə vəziyyəti çox dözülməz bir hala gətirəcək və periodik olaraq, bölgələrdə aksiyalar keçiriləcək, etirazlar olacaq. Düşünürük ki, hardasa ilin ortalarına yaxın artıq Bakıda sosial vəziyyət daha da pis olacaq və bu da ilin ortalarına doğru siyasi aktivliyə gətirib çıxardacaq. Müxalif partiyalar daha da aktiv olacaq, müxalif təşkilatlara, elə ilk növbədə yeni yaratdığımız Respublikaçı Alternativ Partiyasına kütləvi axın olacaq. Digər bir ehtimalım odur ki, hakimiyyət gələn il parlament seçkilərini də keçirmək məcburiyyətində qala bilər. Yəni bu da mümkündur. Çünki xaricdən və daxildən təzyiqlər daha da çoxalacaq. Sözsüz ki, Qarabağ problemində hər hansısa bir dəyişiklik gözləmirik. Düşünürəm ki, burda Minsk Qrupu çərçivəsində proseslər davam etdiriləcək, ara-sıra cəbhə bölgəsində monitorinqlər aparılacaq. Ola bilsin ki, ara-sıra - 1-2 günlük və ya 1 həftəlik münaqişə gərginləşsin. Ümumən götürəndə Qarabağ probleminin həll olunmasını gözləmirəm. Daha çox daxili siyasətdə aktivlik gözləyirəm. Düşünürəm ki, 2017-ci il 2018-ci il üçün bünövrə ili olacaq. Belə ki, hətta ölkədə ciddi sistematik dəyişikliklərin baş verəcəyinin mümkünlüyündən söhbət gedir. Bunun da ki, təməli, sözsüz ki, məhz 2017-ci ildə qoyulacaq”.
Mehriban Rəhimli: "2016 necə olubsa, 2017 də elə olacaq”

Vətəndaş cəmiyyətinin üzvü Mehriban Rəhimli də yeni ildən gözləntilərinin olmadığını ifadə edib: "2017-ci ildən ciddi olaraq heç nə gözləmirəm. 2016 necə olubsa, 2017 də elə olacaq. Amma ümid edə bilərəm yalnız. İstərdim ki, bu il hər kəs üçün, ilk növbədə də siyası məhbuslar və demokratik islahatlar üçün daha müsbət il olsun".
Akif Qurbanov: "Hökumət gerçəklikləri anlayıb, problemlərin həlli istiqamətində real addımlar atmalıdır"

Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanov isə 2017-ci illə bağlı gözləntilərini bölüşərkən hakimiyyəti real addımlar atmağa çağırıb: "Ölkənin iqtisadi, eyni zamanda sosial vəziyyəti, həmçinin beynəlxalq arenada baş verən proseslər və hakimiyyətin bu günə qədər olan yalnış siyasəti nəticəsində formalaşmış beynəlxalq mənfi ictimai rəy növbəti illərin daha da çətin olacağını göstərir. Əgər hakimiyyət rəsmiləri bu siyasətlərini davam etdirəcəklərsə, istər sosial-iqdisadi baxımdan, istərsə də ictimai-siyasi vəziyyət baxımından pozitiv dəyişikliyin olacağını güman etmirəm. Əksinə, düşünürəm ki, növbəti illərin daha da gərgin olacağı, eyni zamanda geniş ictimayyətin, yəni xalqın aşağı təbəqəsinin sosial-iqtisadi çətinliklərinin davamlı uzanması, hər halda ölkəni daha da gərgin vəziyyətə gətirib-çıxaracaq. Ona görə də, arzu edərdim ki, kaş hökümət baş verənləri gec də olsa, anlaya, geniş ictimayyətin, ekspertlərin dediklərini, həmçinin beynəlxalq tələblərin gerçəkliyini qəbul edə və problemlərin həlli istiqamətində real addımlar ata bilə. Bu, baş verməyəcəksə, 2017-ci il hakimiyyətin özü üçün də təhlükəli olacaq”.
Əli Zeynal
Toplum Tv