Müsavat bəyanat yaydı: "Dərhal azad edilsin"
Müsavat Partiyası AXCP sədrinin müşaviri Məmməd İbrahimin həbsi ilə bağlı bəyanat yayıb.
Partiyadan Arqument.Az-a daxil olan bəyanatda deyilir:
"Beynəlxalq insan haqları qurumlarının və Azərbaycan ictimaiyyətinin siyasi məhbusların azadlığa buraxılacağı ilə bağlı gözləntilərinin olduğu bir zamanda Azərbaycan hakimiyyəti müxalif düşüncəli fəallara qarşı repressiyaları davam etdirir.
15 mart 2016-cı il tarixdə Bakı şəhər Nərimanov rayon məhkəməsi tərəfindən AXCP sədrinin müşaviri Məmməd İbrahimə qondarma ittihamlarla 3 il müddətində azadlıqdan məhrumetmə cəzasının verilməsi siyasi repressiya siyasətinin davamıdır.
Müsavat Partiyası Məmməd İbrahimin qondarma ittihamlarla 3 il müddətinə azadlıqdan məhrum edilməsini siyasi sifarişlə həyata keçirilmiş bir akt kimi qətiyyətlə pisləyir.
Müsavat Partiyası Məmməd İbrahimin və digər siyasi məhbusların dərhal azad edilməsini tələb edir".
Qeyd edək ki, AXCP funksioneri Məmməd İbrahim həbs olunanda ona qarşı Cinayət Məcəlləsinin yalnız 221.1-ci (xuliqanlıq) maddəsi irəli sürülmüşdü. Bu maddədə 160 saatdan 200 saatadək ictimai işlər və ya bir ilədək islah işləri, yaxud da bir ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Sonradan ona qarşı CM-nin 221.2.2-ci maddəsi irəli sürüldü. Bu maddə 2 ilədək islah işləri və ya beş ilə qədər azadlıqdan məhrumetmə cəzasıni nəzərdə tutur. Beləliklə, Məmməd İbrahim əvvəlcə sabiq AXCP funksioneri Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyevi döyməkdə ittiham olunurdusa, sonradan daha iki nəfər ortaya çıxıb. Oruc Vəliyev və Məhəmməd Qurbanov adlı bu adamlar iddia edirlər ki, guya, Məmməd İbrahimlə Mikayıl Quliyev arasında insident zamanı onları ayırmağa çalışıblar. Amma Məmməd İbrahim onlara qarşı da zorakılıq edib, ictimai qaydanı pozub.
Martın 15-də isə Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə AXCP sədrinin müşaviri Məmməd İbrahim barəsində 3 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb.
Arqument.Az