Müəllimə şərt qoyulub: "Deyiblər ki, işə qayıtmaq üçün ərindən boşan"

AXCP üzvü Laçın Mirəsgərli bu ilin aprelində çalışdığı Masallı rayonunun Çaxırlı kənd məktəbindən işdən azad edilib.
Müəllim Əmək Məcəlləsinin 70-ci bəndinin tələblərini pozmaqda ittiham edilərək işdən uzaqlaşdırılıb. Laçın Mirəsgərlinin həyat yoldaşı da bugünlərdə işdən çıxarılıb. O, tibb məntəqəsində çalışırmış.

Qadın AXCP üzvü deyil, lakin onun qarşısına işinə davam etməsi üçün həyat yoldaşından boşanması şərti qoyulub.
Laçın Mirəsgərli isə deyir ki, özünün və həyat yoldaşının işdən çıxarılmasının qanunsuz olduğunu bilir, ancaq məhkəmə sisteminə də güvənmir:
”Ölkədə ədalətli məhkəmə sistemi yoxdur, buna görə də məhkəməyə müraciət etməyi mənasız hesab edirəm. Məni işdən çıxarıb, adını da Əmək Məcəlləsində pozuntu qoyublar. Həyat yoldaşımı işdən çıxarmamışdan əvvəl təklif ediblər ki, ərizə ilə işdən çıxsın, sonra bərpa etsinlər. Onu işdən hiylə ilə çıxarıblar. Sonra da deyiblər ki, işə qayıtması üçün gərək məndən boşansın. Deyiblər ki, göstəriş yuxarıdandır. Biz onların əxlaqında deyilik, tələblərini də yerinə yetirməyəcəyik”.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Toplum TV-nin sualını cavablandırmaq istəməyib.
Hüquqşünas Xalid Bağırov deyir ki, kiminsə siyasi baxışlarına görə işdən çıxarılması onun şəxsi işinə və ailə həyatına müdaxilədir:

"Bu davranış qanuna ziddir. İnsan haqları barədə konvensiyanın kobud şəkildə pozulmasıdır. Siyasi baxışlara görə təqib olunmağın konvensiyanın ayrı-seçkiliklə bağlı müddəalarının pozuntusu olduğu açıqca görünür. Hesab edirəm ki, siyasi əqidəsinə görə hər hansı şəxsin işdən azad olunması açıq-aşkar özbaşınalıq və insan hüququnun kobud pozulmasıdır. İşdən çıxarılan şəxs və onun həyat yoldaşı məhkəməyə müraciət etsələr, hüquqi baxımdan qazanmaq perspektivi var. Lakin ölkə daxilində hüquqi müstəvi olmadığına görə Azərbaycanda məhkəməni qazanmalarından söhbət gedə bilməz. Yalnız beynəlxalq insan hüquqları məhkəmələrində uğur qazanmalarını mümkün hesab edirəm. Ölkədə demokratik təsisatları bərpa edərək, indiki hakimiyyətə öz yerini göstərməklə belə özbaşınalıqlara son vermək olar. Nə qədər ki, siyasi aktivlik yoxdur, vətəndaşlar fəal etiraz etmirlər, bu problemlər qalacaq , hətta daha böyük bəlalar bizi gözləyir”.
AXCP-nin məlumatına görə, 2017-ci il 8 aprel mitinqinə qədər partiyanın 5 üzvü işdən çıxarılıb, aksiyadan sonra isə daha 13 nəfər işini itirib. Onların əksəriyyəti orta məktəblərdə çalışırmış.
Ofelya Ramilqızı


