Masallı sakini dələduzluqla üzləşib
Masallı rayon sakini Elnur Ağayev öz həmyerlisi Zaur Məmmədov adlı şəxs tərəfindən aldadıldığı və bu barədə hüquq-mühafizə orqanlarına ünvanladığı müraciətlərinə baxılmadığı haqda Strateq.az-a məktub ünvanlayıb.
Şikayətçinin yazdığına görə, mətbuata çıxmasına səbəb problemini daha yuxarı instansiyaların diqqətinə çatdırmaq istəyi ilə bağlıdır.
Elnur Ağayev məktubunda yazır: "Mən Ağayev Elnur Azər oğlu, 22.07.1992-ci ildə Masallı şəhərində anadan olmuşam. 2009-cu ildə ailəmizin sosial vəziyyəti yaxşı olmadığından, işləmək üçün paytaxta gəldim. 2009-cu ildə mən Bakı şəhəri, Nəsimi rayonu, M.Əcəmi metrosu yaxınlığında yerləşən Moskva Univermağında qızıl-alqı satqısı mərkəzində satıcı kimi fəaliyyətə başladım".
Elnur Ağayevin yazdığına görə, işlədiyi müddətdə o öz həmyerlisi 1977-cı il təvəllüdlü Masallı rayon sakini Məmmədov Zaur Qalabəy oğlu ilə tanış olub: "Məmmədov Zaur mağazaya bahalı geyimdə gələrək, məndə özünə qarşı inam yaradaraq, etibardan sui-istifafə edib, 3700 $ məbləğində qızılzinyət əşyalarını götürüb, pulunu qaytarmadı. Mən də məcbur qalıb banklara möhtac oldum və nəticədə, həmin univermaqdan çıxmalı oldum. 2010-2012-ci illərdə hərbi xidmətə getdim, qayıtdıqdan sonra Zaurla son illər ərzində telefon danışığım zamanı, pulumu soruşduqda, Zaurun cavabı birmənalı oldu: "Get, nə bilirsən et". Aradan 6 il keçməsinə baxmayaraq, Zaur hələ də mənə olan borcunu geri qaytarmaq istəmir".
Elnur Ağayev yazır ki, 2012-ci ildən bütün hüquq-mühafizə orqanlarına müraciət edib: "MTN-ə, DİN-nə, ƏN-ə, Nəsimi RPİ-yə hadisənin baş verdiyi ərazi 19-cu polis bölməsinə şikayət etmişəm. Mənim sonradan apardığım xırda araşdırmalar zamanı məlum oldu ki, bu adam bu işin peşəkarı olaraq, arxasında hansısa güclü qüvvənin durması hesabına, bu işi özü üçün xobbi seçib. Mən bu insanın nə ilk, nə də son qurbanı deyilmişəm. Masallı rayonundan olan digər bir şəxsi - Mirzağa adlı vətəndaşı qurban seçərək, onu da 13.000 azn dəyərində aldadaraq ziyan vurub. Vətəndaş Məmmədov Zaur Qalabəy oğlunu 2013-cü ildə Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları digər bir əməlinə görə, CM-nin 178-ci, yəni dələduzluq maddəsi ilə paytaxt sakininin rəsmi şikayəti əsasında saxlamağa müvəffəq olsalar da, Zaur burdan da "alnıaçıq", heç nə olmamış kimi, sərbəst şəkildə həmin qüvvənin hesabına buraxılıb".
Şikayət məktubunun sonunda mətbuat vasitəsi ilə hüquq-mühafizə orqanlarının rəhbərlərinə üz tutan Elnur Ağayev artıq qanuni yolla haqqının qorunması üçün bütün ümidlərinin tükəndiyini vurğulayıb.