Əli Kərimli üçün özəl gün
Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin doğum günüdür.
Arqument.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, partiya sədri 51 yaşını qeyd edir.
Əli Kərimli 1965-ci il aprelin 28-də Saatlı rayonunun Azadkənd kəndində anadan olub. 1985-ci ildə hərbi xidməti başa vurduqdan sonra 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Elə orada AXC-nin BDU-dakı şöbəsinin yaradıcılarından biri və sədri olub.
Tələbəlik illərində demokratik islahatları dəstəkləyən "Yurd” ictimai birliyinin yaradıcılarından biri və onun rəhbəri olub. 1988-ci ildə "Yurd” ziyalıların dəstəyi ilə kommunist rejiminə etiraz olaraq tələbələrin Bakıda görüşünü təşkil edib. Bu görüş təhlükəsizlik xidmətlərinin xüsusi alayı ilə dağıdılıb. 1988-ci ilin noyabrında meydan mübarizəsinə başlayan tələbə hərəkatının liderlərindən olub.
Əli Kərimli AXC Ali Məclisinin üzvü olub və AXC Ali Məclisi sədrinin müavini vəzifəsində işləyib. "Azadlıq” qəzetinin parlament müxbiri olub. 1991-ci ildə BDU-nu bitirkdən sonra orada hüquq üzrə bir müddət müəllim işləyib. 1992-ci ilin mayında Azərbaycan Respublikası Prezidenti Aparatının ərazi-idarəetmə və hakimiyyət orqanları ilə iş şöbəsinin müdiri, 1 may 1993-cü ildən isə Azərbaycan Respublikasının Dövlət katibi təyin olunub. 1993-cü ildə ölkədə baş verən 4 iyun qiyamından sonra hakimiyyət zor gücünə ələ keçirən qüvvələrə etiraz olaraq vəzifəsini təhvil verib.
Əli Kərimli 1993-cü ildə 4 iyun hadisələrini rəsmi şəkildə qiyam kimi qiymətləndirən ilk dövlət nümayəndəsi olub. 1993-cü il iyunun 26-da istefa verərək Ordubad rayonunun Kələki kəndində yaşayan prezident Elçibəyin yanına gedib, oradan isə bir sıra Qərbi Avropa ölkələri və Amerika Birləşmiş Ştatlarına işgüzar səfərlərə çıxıb. 1994-cü ilin may ayından Bakı şəhərinə qayıdaraq AXC sədrinin siyasi məsələlər üzrə müavini işləyib. 1995-ci il noyabrın 12-də proporsional qaydada AXCP-dən Milli Məclisin üzvü seçilib. Əbülfəz Elçibəyin ölümündən sonra AXCP-nin sədri seçilib.
Ailəlidir, 3 övladı var.
Arqument.Az