Son dəqiqə:Kiyev yaxınlığında hərbçilərin saxlandığı evin qarşısında toqquşma olub, Ukrayna prezident ofisinin rəhbəri yerə gəlib - 03-11-2026

Ekspert: "Bağçalar özəlləşdirilsin"

27-04-2018 13:54 / Bu xəbər 286 dəfə oxundu
Ombudsman: "Təhsil Nazirliyinin tabeliyinə qaytarılsın"

"Məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını zəruri hesab edirik. Uşaq bağçalarında mövcud olan yerlərin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğunlaşdırılmalıdır”.

Bu sözləri aprelin 24-də parlamentdə ombudsman Elmira Süleymanova  Azərbaycanın İnsan haqları üzrə Müvəkkilinin illik məruzəsini təqdim edərkən deyib. 

Ombudsmanın fikirlərinə münasibət bildirən təhsil eksperti Kamran Əsədov da hesab edir ki, bağçaların Təhsil Nazirliyinə qaytarılması müsbət effekt verə bilər: "Lakin təklif edərdim ki, bundan sonra tədris vahidliyinin qorunması şərti ilə bağçalar özəlləşdirilsin. Nümunə  olaraq Amerikanı götürsək, bağçaların 80 faizi özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə də az yük düşər”. 

Bağçaların əhəmiyyətindən danışan ekspert Toplum.Tv-yə deyib ki, burada uşaqlar kollektivə alışır, özlərini aparmağı, süfrə mədəniyyətini öyrənirlər: "Şəxsiyyətin formalaşmasında vacib olan bir çox amil məhz bağçada yaranır. Məsələn, əsəbi davranışlar, ərköyünlük, özünəqapanma, eqoistlik bağçada, digər uşaqların arasında tədricən itir. Təəssüf ki, 2010-cu ildən etibarən bağçalar Təhsil Nazirliyindən alındı və icra hakimiyyəti orqanlarının balansına verildi. Bundan sonra təhsil pillələri arasında vahidlik və varislik prinsipi pozuldu. Hesab edirəm ki, nə qədər uşağı məktəbəqədər tərbiyə müəssisəsinə qoymuruqsa, bir o qədər onun tərbiyəsində gecikmiş oluruq. Uşağın müəyyən yaş dövrlərində onun öyrənməli, bilməli olduğu bəzi vacib amillər var. Yəni 3 yaşındakı uşağın beyni açıq səhifə kimi olur. Nə yazırsan, onu da götürür. Erkən yaşda uşağın tərbiyəsi nə qədər düzgün istiqamətdə qurulsa, bu, bir o qədər yaxşıdır. Vacib bir məlumatı qeyd edim ki, Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25%-i məktəbə bağçalardan gəlir”.

Kamran Əsədov onu da deyir ki, bağçada təhsilə yanaşma və baxış dəyişməlidir: "Təəssüf ki, bunu hələ də təhsil kimi qəbul edə bilmirlər. Məktəbəqədər təhsilə 1-3 yaşda cəlb edilən uşaqların psixoloji inkişafı məqsədyönlü şəkildə aparılır. Bunu tədqiqatlar da sübut edir. Bu da onun bilik səviyyəsini, ətraf aləmlə tanışlığı, digər həmyaşıdları və böyüklərlə ünsiyyətidir. Burada özünəməxsus cəmiyyətdə uşağın inkişafı nəzarət altına alınır. Bu gün bağçaların vəziyyəti heç də ürək açan deyil. Dövlət büdcəsinin vəsaiti hesabına hər il təmir olunsa da, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün heç bir addım atılmır. Onlar tədris resursları ilə çox zəif təmin olunub. Bütün bunları nəzərə alaraq, bağçaların yenidən Təhsil Nazirliyin balansına verilməsi vacibdir".

Digər xəbərlər