"Bu, düşmənin əsəbləri ilə oynamaqdır"
ATƏT-in Yerevandakı ofisinin mandatını uzatmaq mümkün olmayıb. Mandatın uzadılmasına Azərbaycan mane olub.
"ATƏT rəhbərliyi, qurumun üzvləri, katiblik Yerevan ofisinin fəaliyyətini dəstəkləyir. Ancaq Azərbaycan ATƏT-də qərarların konsensusla qəbulu prinsipindən sui-istifadə edərək mandatın uzadılmasına imkan vermədi”.
Bunu mayın 5-də Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan bəyan edib.
Fazil Mustafa: "Bizə görə də bağlaya bilərlər”

Milli Məclisin deputatı Fazil Mustafa Toplum TV-yə açıqlamasında bildirib ki, ATƏT-in Bakı ofisi fəaliyyət göstərmədiyinə görə də Ermənistan belə bir addım ata bilər: "Açığı mən bağlanmasının səbəblərini bilmirəm, ona görə də nəsə deməkdə çətinlik çəkirəm. Deyirlər, Azərbaycana görə bağlanıb, amma nə dərəcədə həqiqəti əks etdirir buna hər halda ATƏT-in rəsmiləri açıqlama verməlidirlər. Bakıda da ATƏT-in ofisi fəaliyyət göstərmir. Ona görə də, bəlkə, Ermənistan buna görə belə bir addım atıbdır ki, əgər Azərbaycanda fəaliyyət göstərmirsə, burada da fəaliyyətinə əsas yoxdur. Amma hər halda rəsmi açıqlamadan sonra münasibət bildirmək daha doğrudur”.
Hikmət Hacızadə: "Qəribə bir şey görmürəm”

Politoloq Hikmət Hacızadə bildirib ki, bu məsələ o qədər də böyüdüləcək bir şey deyil: "İndi Müharibə şəraitindəyik. Hər iki tərəf istəyir bir-birinin qanını qaraltsın. Gözlənilən idi bu cür addım. Əslində, mən burada qəribə bir şey görmürəm. Bu, sadəcə, düşmənin əsəbləri ilə oynamaqdır. Hər bir sahədə düşmənə qanıqaraçılıq göstərməkdir”.
Elxan Şahinoğlu: "Azərbaycan tərəfi haqlıdır”

Politoloq Elxan Şahinoğlu isə deyib ki, Azərbaycan tərəfi haqlı olaraq məsələ qaldırıb: "Əslində, mən ATƏT-in Bakıdaki ofisinin bağlanmasının əleyhinə idim. Əməkdaşlığı davam etdirməyə ehtiyac var idi. Amma Yerevandakı ofis tamami ilə fərqli səbəbdən bağlanıb. Azərbaycan tərəfi haqlı olaraq məsələ qaldırıb, çünki ATƏT-in Yerevan ofisi bəzən həddini aşırdı. İndi ATƏT-in hazırkı sədri Avstriyadadır. Azərbaycan Avstriyaya müraciət edərək məsələyə diqqət yetirməsini vacib bilib. Ermənistan hakimiyyəti çalışırmış ki, ATƏT-in Ermənistandakı ofisi Qarabağla bağlı da hansısa layihələr, proqramlar həyata keçirsin. Azərbaycanın ərazsi bütövlüyünə qarşı atılmış addımdır. Ona görə də Azərbaycan tərəfi haqlı olaraq Avstriyaya müraciət edib, Avstriya da bu məsələ ilə bağlı Ermənistanla danışıqlar aparıb ki, ATƏT-in oradaki ofisi yalnız Ermənistanı əhatə etsin. Ermənistan tərəfi isə bununla razılaşmayıb və ona görə də qapadılması haqqında qərar verib”.
Azərbaycan nümayəndəsi bildirib ki, Azərbaycan tərəfi ofisin bağlanmasına təəssüflənir, amma bu, Ermənistanın hər bir mümkün vasitədən istifadə edərək, status-kvonu saxlamaq və Azərbaycan ərazilərinin işğalını gücləndirmək üçün məqsədli cəhdlərinin nəticəsidir.
1975-ci ildə yaradılmış ATƏT-in 57 üzvü var.