Son dəqiqə:Kiyev yaxınlığında hərbçilərin saxlandığı evin qarşısında toqquşma olub, Ukrayna prezident ofisinin rəhbəri yerə gəlib - 03-11-2026

Bir müşahidəçinin qeydləri

25-12-2019 02:41 / Bu xəbər 165 dəfə oxundu
Aytac Məmmədova

Dünən 24 saylı Nizami birinci seçki dairəsinin 5,6 saylı seçki məntəqələrində müşahidəçi idim. 

Vəzifəm gərəyi müşahidəyə başlar-başlamaz bir cümlə qulağımı döydü: "Əşşi, onsuz da seçilən seçilib..."

Tez-tez təkrarlayırdılar. Sanki adamlarda bir inamsızlıq vardı. Bəlkə də, illərlə elə buna nail olmağa çalışıblar. Hardasa, nail də olublar. 

Müşahidəçi olduğum məntəqədə 3 səsvermə otağı olduğu halda, cəmi 1 otaqda kamera vardı, 5 saylı məntəqənin kamerası isə sökülmüşdü. Kameraların olmamasından istifadə edən məntəqə üzvləri öz aləmlərində kef edirdilər...

Hələ lap başda bizi də özünkülərdən bilib qara dəftərinin altında bülleten saxlayan qadın gizlətdiyi bülletenləri toplu halda qutuya da atmaqdan çəkinmədi. "Əşşi, özümüzdən başqa kim var ki?" - deyə gülümsündü də...

Müşahidəçi olmaq da ayrı bir duyğudur. Qarşı masadakılar an gözləyirdilər ki, otaqdan çıxım, onlar da əllərinin altında saxladıqları bülletenləri masanın altındakı "şəxsi" qutularına atsınlar. Hansı ki, o masaya 1 addım da yaxınlaşmağa icazə vermirdilər.

Məhz bu cür: "Yaxınlaşma, dur orada". 

Seçkilərin guya demokratik olduğunu göstərmək üçün partiyadalardan "müşahidəçilər" də gətirmişdilər. Məsələn, onlar AXCP (Azərbaycan Xalq Cəbhəsi Partiyası) AVP (Ana Vətən Partiyası) partiyalarından olduğunu deyirdilər. Gülməli idi, "AXCP üzvləri" seçkinin demokratik olduğunu söyləyirdilər, amma ən maraqlısı odur ki, onlar hansı partiyanı təmsil etdiklərini də yalnız biz soruşduqdan sonra öyrəndilər. 

Hətta biri ilə dialoqumuz da oldu:

- Xanım, sizi hansı qurumdan göndəriblər? 
- Bilmirəm ki. 
Yanındakına tərəf çevrilir:
- Gör hansı qurumdanam?
- Deyəsən, AXCP-dənsən? Elə demədilər bizi bura göndərəndə? 
- Nə? AXCP? O nə olan şeydir? 
- Bizi göndərənlər elə dedilər də. Dedi ki, müşahidəçi görsəniz, elə deyərsiniz... 

Mənzərə bu idi...

Mən hətta Seçki Məcəlləsinin 42.2-ci maddəsinə əsaslanaraq sədrdən 5 saylı seçki məntəqəsində iştirak etmiş seçicilərin sayını soruşanda bilmədiyini dedi. Qeydiyyat vərəqinə baxa biləcəyini desəm də, əlbəttə ki, razılaşmadı. Cavabı isə belə oldu: "O qutudan nə qədər kağız çıxacaqsa, deməli, o qədər adam gəlib, ona qalsa, sən bura gələ bilməzsən, keç yerinə" . 

Nəticə olaraq 433 bülleten sayıldı, lakin mən heç orada 200 adam görməmişdim...

Digər xəbərlər