Son dəqiqə:Kiyev yaxınlığında hərbçilərin saxlandığı evin qarşısında toqquşma olub, Ukrayna prezident ofisinin rəhbəri yerə gəlib - 03-11-2026

Böhran Füzuli Ələkbərovun avtobiznesini də “vurdu” - FOTOLAR

10-09-2015 13:44 / Bu xəbər 157 dəfə oxundu
Azərbaycanda yeni avtomobillərin satışı kəskin azalıb. Bunun səbəblərindən biri onların qiymətlərinin bahalaşması və ölkədə kredit şərtlərinin sərtləşdirilməsidir. Həmçinin manatın devalvasiyası və neftin kəskin ucuzlaşması nəticəsində Azərbaycanın gəlirlərinin azalması da Bakıda fəaliyyət göstərən avtosalonları pis vəziyyətdə qoyub.

Artıq Azərbaycan paytaxtında bir sıra avtosalonların bağlanmağa başladığına dair xəbərlər dolaşır. Məsələn, ötən ay "KİA Motors Azərbaycan" şirkətinin icraçı direktoru Zəka Əlibəyov mətbuata açıqlamasında etiraf edib ki, avtomobil bazarındakı krizis nəticəsində bu şirkət bəzi rəsmi dilerlərini bağlamalı olub. Sitat: "Satışlar azaldığı üçün Badamdar, "Amay Ticarət Mərkəzi”nin yaxınlığında və Masallıdakı rəsmi dillerlərimiz bağlanıb. Bu normal haldır ki, satışlar azalanda xərcləri ödəyə bilmədiyi üçün dillerlər bağlanır. İlin sonuna kimi də 2-3 rəsmi dillerin də bağlanması gözlənilir”. 


Qaynar.info-nun əldə etdiyi məlumata görə, avtomobil bazarındakı böhran sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdan da yan keçməyib. Qeyd edək ki, ötən ilin payızında Bakıda "Rolls-Royce” avtomobillərinin satış mərkəzi fəaliyyətə başlayıb. Belə ki, İngiltərənin "Rolls-Royce” avtomobil şirkəti Azərbaycanın "Rolls-Royce Motor Cars Baku” şirkətinə rəsmi distribütorluq səlahiyyətini verib. 


"Rolls-Royce” Almaniyanın "BMW AG” konserninə daxildir. Azərbaycanda da "Rolls-Royce Motor Cars Baku” şirkəti "BMW”nin rəsmi idxalçısı "İmprotex Motors” şirkətinə bağlıdır.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, İngiltərənin "Rolls-Royce” avtomobil şirkətinin Azərbaycandakı rəsmi distribütorluq səlahiyyəti verdiyi "Rolls-Royce Motor Cars Baku”nun bağlı olduğu "İmprotex-Motors” "İmprotex” şirkətlər qrupuna aiddir. Bu şirkətlər qrupu isə keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur. 


Qeyd edək ki, Ələkbərovun bu "biznes imperiyası” 1991-ci ildə yaranıb. Hazırda həmin holdinq daha çox "İmprotex Group” kimi tanınır. İlk vaxtlar şirkət Azərbaycanda və keçmiş sovet respublikalarında yalnız ölkə daxilinə turizm turları təşkil edib. Sonradan şirkət biznesin müxtəlif sahələrində işə başlayıb. Şirkət sadə turların təşkilatçılığından baş ofisi Bakıda yerləşən, BƏƏ və Çində nümayəndəliyi olan çoxşaxəli bir korporasiyaya qədər inkişaf yolu keçib. Şirkət dünyanın ən məşhur şirkətləri ilə əməkdaşlıq edir, bir sıra xarici dövlətlərdə nümayəndəliyini yaradır, tanınmış brendlərin Azərbaycan bazarına gətirilməsinə çalışır. 

Ələkbərovun ölkəyə bahalı, lüks avtomobillər gətirmək üzrə ixtisaslaşan "İmprotex Motors” şirkəti 1998-ci ilin mart ayında BMW AG Konserninin Azərbaycanda rəsmi idxalçısı kimi yaradılıb. Şirkət Azərbaycanda 10 ildən artıqdır ki, fəaliyyət göstərir. Ofisləri və filialları Çində, Birləşmiş Ərəb Əmirliklərində, Türkiyədə və digər ölkələrdə də fəaliyyət göstərir.


Redaksiyamıza daxil olan məlumatlara görə, Ələkbərovun şirkətinin bir il əvvəl açılan və yüksək qiymətlərlə avtomobillərin satışını təklif etdiyi avtosalon ciddi müştəri qıtlığı çəkir. Belə davam edərsə, onun bağlanması da istisna edilmir. "Burada ən ucuz avtomobilin qiyməti bir neçə yüz min dollardan başlayıb hətta 1 milyon dollaradək yüksəlir. Həmin avtomobillərin əksəriyyəti xüsusi sifariş əsasında gətirilir. Amma bir neçə aydır avtosalon müştəri kasadlığından əziyyət çəkir. Vəziyyət belə davam edərsə, sabiq nazir onu qapatmaq məcburiyyətində qalacaq” deyə məlumatda bildirilir. 

İlkin Hüseynli
Qaynar.info

 


Bölmələr:



Digər xəbərlər