Son dəqiqə:Kiyev yaxınlığında hərbçilərin saxlandığı evin qarşısında toqquşma olub, Ukrayna prezident ofisinin rəhbəri yerə gəlib - 03-11-2026

Allahı sevən ateist

13-06-2016 01:00 / Bu xəbər 379 dəfə oxundu
Elvin Nasir

Anası qatı dindar idi. 16 yaşına qədər hər qapıdan çıxanda "Ayətül Kürsi" oxumağı da anasından öyrənmişdi. Lakin yaşının ən çılğın vaxtında onun beynini qarışdıran suallar vardı.

Mən kiməm? 

Günah, yoxsa savab? 

İblis, yoxsa Mələk? 

Bu yaşa kimi anası sayəsində ən ağır günahlardan qoruna bilmişdi. Lakin zaman keçdikcə həyat öz sərt üzünü göstərirdi ona. Çox çətin olurdu yaşamaq. Artıq sərbəst və doğru qərarları tək vermək lazım idi.

Qarşısına çıxan hər gözəl qız ona ehtiras verdikcə, bir tərəfdən Allah qorxusu dolurdu içinə. Dostlarının təşkil etdiyi içki süfrələrində sərxoşluğu dadmaq marağı güc gəldikdə, cəhənnəm atəşi düşüncəsi dodağlarını ayırırdı badədən.

Hamıdan fərqli olmaq, tanınmaq, seçilmək arzusu var idi içində. Lakin qürur hissinin onu məhv edəcəyini biləcək qədər də ağıllı idi. Bir də hər günaha yaxınlaşdıqda anası gəlirdi gözünün qabağına. Onun qabağında utanmaq, cəhənnəm atəşindən də pis idi bəlkə də. Amma qərar verməli idi. Beynində fərqli suallar yaranmağa başladı:

"Allah kimdir? Niyə bizi bu qədər ləzzətdən məhrum edir? Cəhənnəmi niyə yaratdı? Doğurdanmı, cəhənnəm var? Allahı kim yaratdı, Allah həqiqətən, varmı?" kimi suallarla əvəz olundu.

İnkarı təsdiqinə güc gəldikdə isə artıq o, sərxoş halda bir fahişənin yatağında idi. Nə Allah qorxusu qalmışdı içində, nə də anasının qarşısında utanmağı... Əksinə, anasına bir yalançı gözü ilə baxırdı.

Əslində isə hər şeyi inkar eləmək, rahat şəkildə günah işləmək üçün ən rahat üsul idi. O bunu heç vaxt düşünə bilməmişdi. Çünki Allahı səhv yerdə axtarmışdı. O, Allahı işlədiyi günahların içində görmək istəyirdi.Allah isə onun hələ günaha batmamış qəlbində idi. Hər Allahı inkar etdikdə ətrafına daha çox insan yığılırdı. Hər kəs ona fərqli insan kimi baxırdı.

İnkaredici elmi cümlələri sayəsində tanınmağa da başlamışdı. İstədiyi çox şeyi əldə etmişdi. Qorxusuz, sərbəst yaşamaq, həqiqətən, böyük bir zövq idi.

Sən istədiyin hər şeyi edirsən, lakin kimsə səni haqq hesaba-çəkib cəzalandırmayacaq. O, indi ancaq gördüyü şeylərə inanırdı. Bəlkə də haqlı idi. Amma hər gecə yuxusunda "Allahım məni bağışla" deyə sayığlamasını, gecə namazında onun üçün dua edən anasında başqa kimsə görmürdü...

Bölmələr:




Digər xəbərlər