Son dəqiqə:SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşərək partladığını deyir - 02-11-2026

Hara gedirik?

16-08-2016 01:46 / Bu xəbər 739 dəfə oxundu
Nərmin 

Referendum ərəfəsi ssenarisi əvvəlcədən yazılmış məhkəmələr(imiz) gecə-gündüz demədən işləyirlər... Sağ olsunlar, çox zəhmətkeşdirlər. Sürətlərinə yetişə bilmirik. "Filankəsi həbs elədilər" xəbərini eşidib sonunun necə oldugunu bilmədən bir də görürük ki, daha başqa bir nəfəri də həbs ediblər. 

Çox tragikomik vəziyyətdi. Halımıza dəsmal götürüb ağlayan olsa, yenə də azdı...

REAL-çıları həbs etməklə reallıq dəyişmir, atam balası. Ya REAL-çı olmasın, başqa birisi olsun. Ölkə yaşanılacaq yer olmaqdan çıxıb artıq. 

Amma hələ də AzTv-nin cəfəngiyyatlarına qulaq asıb "mən siyasətə qarışmıram" deyib yaşayan bir kütlə var ölkədə. Onlar nə zaman siyasətə qarışacaq, anlaya bilmirəm. Hətta referendumun olacağından belə xəbərsiz çox sayda adam var. Bölgələrdə vəziyyət daha ağırdı. Görəsən, ölkə olaraq hara gedirik? 

Bu ölkəni öz vətəndaşları üçün cəhənnəmə çevrilib. Heç bir gələcək yox, prestij yox, inkişaf yox... Axı bu qədər insanın, bu qədər gəncin həyatını oğurlamağa nə haqqınız var, cənablar?! Yetəri qədər malını, pulunu, xalqa çatmalı olan milyonları oğurlamısınız onsuz da. Ağzımızı açmağa belə peşman oluruq. O dəqiqə bəzi ağlına əziyyət verməyənlər başlayırlar ki, Suriya belə, Liviya elə, İraq belə... 

Soruşmaq lazımdır ki, ölkədə bu sistemlə yaşaya-yaşaya pozitiv bir şey də düşünə bilirsinizmi? Elə haldasınız ki, ancaq özündən pisə baxıb, "bu günümüzə də şükür" deyib illəri yola verirsiniz. Niyə Norveçə, İsveçə, Almaniyaya və s. inkişaf etmiş ölkələrə baxıb oradakı demokratiyanı öz ölkənizdə görmək istəmirsiniz?  

Niyə sizin də adınızdan bütün Azərbaycan üçün haqq istəyən, demokratiya istəyən və mübarizə aparan insanlara, gənclərə dəstək olmursuz? Onların həbsinə niyə reaksiya vermirsiniz? Niyə onların ömürlərindən oğurlanan saatlara, günlərə, aylara illərə etiraz etmirsiniz?

Bu ölkədə cavabı tapılmayan o qədər suallar var ki... Sadəcə, bu ölkədə mübarizə apardıqları üçün həbs olunan insanlara heyfim gəlir... Heyif o insanlardan ki, həyatları bahasına tarix yazır, amma buna cavab olaraq xalq "siyasətə qarışmır..."

Digər xəbərlər