Hadı Rəcəbliyə 7 sual
Mustafa Hacıbəyli
"Niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz olmalıdır ki?!” – Hadı Rəcəbli deyib.
Hadı Rəcəbli bundan əvvəl şəhid ailələrinə pul verilməsinə qarşı çıxmışdı.
Hadı müəllim, niyə dövlət məmurlarına bu qədər imtiyazlar veriləndə susursuz, amma vətən uğrunda həyatını riskə qoymuş, şikəst olmuş əlilə veriləsi 5 manatı sinirə bilmirsiniz?
Bu qədər qənaət tərəfdarısınızsa, niyə möftəxor dövlət məmurlarının maaşının cəmiyyətə fayda verən müəllimlərdən, həkimlərdən 5-10 dəfə çox olmasına susursunuz?
Niyə dövlət məmuru, polis zabiti pensiyaya çıxanda da 1000-1500 manat alır, amma həkim, müəllim, digər faydalı peşə sahibləri 150-200 manatla səfalətə sürüklənir?
Axı bu dövlət məmuru işlədiyi dövrdə onsuz da milyonlar qazanıb, obyekt, müəssisə, pul, qızıl sahibi olub! Həkim, müəllim, sadə vətandaş isə elə işlədiyi dövrdə də borc içində üzüb! Bu ədalətsizlikdən niyə danışmırsınız?
Elə qənaət tərəfdarısınızsa, niyə sizin özünüzə – deputatlara həftədə cəmi iki gün işlədiyiniz halda, ilin də az qala yarısını tətildə keçirdiyiniz halda 2000-3000 min məvacib verilməsinə etiraz etmirsiniz?
Xəbəriniz varmı ki, əslində, əlillərə pulsuz dərman vermirlər, onlar üçün nəqliyyat da pulsuz deyil? Olmayan imtiyazlara niyə etiraz edirsiniz?
Siz millət vəkilisiniz, yoxsa hakimiyyətin vəkili? Kənardan özünüzə baxırsınızmı heç?
bastainfo.com
