"Bu, siyasi qərar idi" - Elman Fəttah
"Apellyasiya Məhkəməsi MSK-nın qərarından verdiyimiz şikayəti təmin etməyib. Ona görə də Ali Məhkəməyə şikayət verəcəyik".
Bunu Arqument.Az-a Müsavat Partiyası başqanının müavini Elman Fəttah "Respublika” təşəbbüs qrupunun Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qeydə alınmaması ilə bağlı Apellyasiya Məhkəməsinə verilən şikayətin təmin olunmamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Müsavat Partiyası çıxarılan qərara etirazını hüquqi müstəvidə davam etdirəcək: "Respublika” təşəbbüs qrupunun qeydə alınmaması siyasi qərar idi. MSK da bu qərarı icra etdi. Apellyasiya Məhkəməsinə verdiyimiz şikayət də məhz bu səbəbdən təmin olunmadı. Ona görə də Ali Məhkəməyə şikayət edəcəyik. Digər tərəfdən başqa şikayət mövzuları da var. Yəni Mərkəzi Seçki Komissiyasının referendum kontekstində qəbul etdiyi qərarlardakı problemlərlə bağlı da xeyli faktlar mövcuddur. Seçki prosessual qaydalarının prosedurları, həmçinin də təşviqat-təbliğat izahatlarındakı pozuntularla bağlı şikayətlərimiz olacaq. Yerlərdəki pozuntularla bağlı Mərkəzi Seçki Komissiyasına, onların qərarları ilə məhkəməyə, həm də birbaşa Mərkəzi Seçki Komissiyasının qərarlarından məhkəməyə şikayət verəcəyik. Hüquqi müstəvidə Referendum kontekstindəki mübarizə bu şəkildə ardıcıl və sistemli şəkildə aparılacaq. O cümlədən də siyasi müstəvidə kütləvi aksiyaların keçirilməsi, xalqın bu məsələlərə səfərbər olunması, etirazlarının təşkil edilməsi mövzusunda da işlərimiz davam edir".
Qeyd edək ki, bir neçə gün öncə MSK-da Müsavat Partiyası tərəfindən yaradılmış "Respublika” təşviqat qrupunun qeydə alınması məsələsinə baxılıb. MSK katibi Arifə Muxtarova deyib ki, "Respublika” təşviqat qrupunun qeydə alınması üçün etibarlı imzaların sayı tələb ediləndən az olub: "3604 imza etibarsız sayılıb. Qalan 35 mindən bir qədər çox imza təşviqat qrupunun qeydə alınması üçün kifayət deyil” .
MSK "Respublika” təşviqat qrupunun qeydə alınmasından imtina edilməsi barədə qərar verib.
Sevinc Paşayeva
Arqument.Az