Son dəqiqə:İran parlamentinin sədr müavini ABŞ ilə danışıqlar pəncərəsinin bağlandığını deyir, xarici işlər naziri isə məsləhətləşmələrin davam etdiyini bildirir - 01-11-2026

Rusiyada Azərbaycan diasporunun rəhbəri Vidadi Mustafayev saxlanılıb

02-12-2025 13:17

Yekaterinburqda “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun yeni rəhbəri Vidadi Mustafayev saxlanılıb.

O, torpaq satışı ilə bağlı dələduzluqda ittiham olunur.

Əvvəllər Ural bölgəsində Azərbaycan diasporuna Şahin Şıxlınski rəhbərlik edib. O, bu ilin avqustunda qətldə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə şübhəli bilinərək həbs olunub.

Bu proseslər 2025-ci il iyunun 28-də Rusiya İstintaq Komitəsinin əməkdaşları tərəfindən Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı keçirdiyi əməliyyatdan sonra başlayıb.

Reydlərin 10-20 il öncə törədilmiş sifarişli qətllərin üstünün açılması işi çərçivəsində keçirildiyi bildirilib.

Əməliyyat zamanı 50-dən çox azərbaycanlı saxlanılıb. Saxlanılanlar arasında Azərbaycan diasporunun nümayəndələri də olub. Ziyəddin və Hüseyn Səfərov qardaşları isə ölüb. Rusiya İstintaq Komitəsi onların ürək çatışmazlığından öldüyünü bildirib. Amma Azərbaycanın məhkəmə-tibbi ekspertləri ölümlərə çoxsaylı xəsarətlərin səbəb olduğunu müəyyənləşdirib.

Bu hadisələr Bakı ilə Moskvanın münasibətlərində diplomatik gərginlik fonunda baş verib. 2024-cü il dekabrın 25-də AZAL-ın sərnişin təyyarəsinin Qroznı üzərində vurulmasından sonra əlaqələrdə gərginlik yaranıb. Rəsmi Bakı Moskvadan üzrxahlıq, kompensasiya, günahkarların cəzalandırılmasını tələb edib. Nəhayət, bu il oktyabrın 9-da Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədə görüşü tərəflər arasında barışıq kimi dəyərləndirilib. Vladimir Putin İlham Əliyevə dekabrdakı qəzadan sonra telefon zəngində üzr istədiyini xatırladıb, kompensasiya ödəniləcəyini bildirib.

Digər xəbərlər