Son dəqiqə:İran parlamentinin sədr müavini ABŞ ilə danışıqlar pəncərəsinin bağlandığını deyir, xarici işlər naziri isə məsləhətləşmələrin davam etdiyini bildirir - 01-11-2026

Mehman Hüseynov: "6 nəfər polis bir tək mənə qarşı..."

28-12-2019 15:28 / Bu xəbər 434 dəfə oxundu
Dekabrın 28-də gecə saatlarında bloger Mehman Hüseynov Bakıda, Fəvvarələr meydanında polis əməkdaşları tərəfindən saxlanılıb. 

Bu barədə Mehman Hüseynovun özü jurnalistlərə məlumat verib.

"Polis əməkdaşları məni döyə-döyə polis avtomobilinə mindirərək şəhərdən kənarda çöllüyə apardılar. Onlar köynəyimi zorla başıma keçirdilər ki, hara aparıldığımı görməyim. Məni çöllükdə avtomobildən düşürdülər. Onlar məni döyürdülər, nalayiq hərəkətlər edirdilər. Deyirdilər ki, səni bir də şəhərin mərkəzində görməyək. "Sən təşkilatçısan, sənin təşkil etdiyin aksiyaya görə polislər hələ də işləyir", - deyə o bildirib. 
 
O əlavə edib ki, polis əməkdaşları onun telefonunu götürüb, şifrəsini tələb ediblər. M.Hüseynov şifrəni verməkdən imtina edincə telefonunu əraziyə atıblar.

Bloger məlumat verir ki, ondan plakatların harada olduğunu soruşublar: "Məni palçığın içərisinə uzatmaq istədilər. Məni yerə yıxmışdılar. Altı nəfər üstümə çıxmışdı və döyürdülər. Sonra çöllükdə atıb getdilər".

Bloger gecə qaranlığında avtomobil yoluna çıxıb və telefonla dostları ilə əlaqə saxlayıb. Dostları onu xəstəxanaya çatdırıb.

Hüseynov xəstəxanada müayindən keçib, polisin hərəkətindən şikayət edəcəyini bildirib. 

Bu hadisə Mehman Hüseynov və digər fəallar dünən axşam saatlarında Daxili İşlər Nazirliynin binası qarşısında reper Pərviz Quluzadəyə (Paster) azadlıq şüarları qaldırdıqdan sonra baş verib.
 
Reper "Gang” klipində hakim ailəyə məxsusluğu bildirilən "Paşa Bank”ın adını hallandırdıqdan sonra narkotik təsiri altında xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. 

Reperin "Gang” klipi bu il dekabrın 9-da "YouTube” kanalında yayımlanıb. Klipin 1.24 dəqiqəsində "Götürəcəyəm ölkəni necə Paşa Bank” ifadəsi işlədilib. Klipə yüz minlərlə insan baxıb.

"Paşa Bank” açıqlama yayaraq, repçinin həbsi ilə əlaqəsi olmadığını bildirib. 

Mehman Hüseynov yüz minlərlə izləyicisi olan blogerdir. Onu 2017-ci il martın 3-də Bakının Suraxanı rayon Məhkəməsi Nəsimi Rayon Polis İdarəsinin rəisinin iddiası ilə böhtanda günahlandıraraq iki il həbsə məhkum edib.

Daha sonra blogerə qarşı həbs müddətinin bitməsinə az qalmış cəzaçəkmə müəssisəsinin əməkdaşına qarşı zor tətbiq etmək iddiası ilə yenidən cinayət işi başlanılıb. Bloger etiraz olaraq uzunmüddətli aclıq aksiyası keçirib. 

Bloger iki illik həbs müddəti bitdikdən sonra azadlığa buraxılıb.

Hüseynov bu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində namizəd olub. İctimai rəydə favorit olmasına baxmayaraq seçki komissiyası onun bələdiyyə üzvlüyünə seçilmədiyini bildirib.

Hüseynov ona qarşı baş verənləri sifariş hesab edir və bələdiyyə seçkilərində səsvermənin nəticələrinin saxtalaşdırıldığını bildirib. O, hazırda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürüb.///toplum.tv
 

Digər xəbərlər