Son dəqiqə:Trampın Əliyevi Mayamidəki G20 sammitinə dəvət etdiyi bildirilir - 01-11-2026

Düşüncəsi talanmışlar...

02-12-2015 00:22 / Bu xəbər 94 dəfə oxundu
Səxavət Soltanlı
Müsavat başqanının müavini

Saxta parlament seçkilərindən sonra təyin olunmuş "deputat"lar onları təyin edənlərin borclarını qaytarmağa başlayıblar. Sıra ilə ən gəncindən başlayıblar. 

Naqif Həmzəyev adlı biri Rəsulzadəni - Azərbaycan respublikasının yaradıcısı olan əsas şəxsi xəyanətkar, satqın adlandıracaq qədər boşboğazlıq etməklə öz borcunu qaytaramağa, öz xidmətini göstərməyə başlayıb.

Bu adamlar hansı kitabları oxuyublar, Azərbaycan tarixini niyə öyrənməyiblər, belələrini təyin edənlər niyə xəcalət çəkmirlər? 

Əlbəttə, Rəsulzadənin kimliyini, şəxsiyyətini tam şəkildə dərk edən birinin deputat təyin edilməsi təəccüblü olardı. 

Bu hakimiyyətin yetişdirdiyi gənc bundan artıq savada, düşüncəyə və dünyagörüşünə sahib ola bilməzdi. 

Bu hakimiyyət və əlaltılarının Rəsulzadəyə düşmənçiliyinin sadə səbəbləri var.  Rəsulzadənin ruhu ilə illərdir mübarizə aparırlar, özlərinin liderlərini xalqa Azərbaycanın banisi kimi sırımaq istəyirlər. Amma xalqın Rəsulzadə  sevgisi bu arzularını gerçəkləşdirməyə imkan vermir. Böyükləri hər açıq və qapalı tədbirlərdə bunu biruzə verir, Rəsulzadəyə nifrət aşılayırlar. Yeni yetirmələri də bu tərbiyəni öyrənir, ilk fürsətdə də bunu biruzə verirlər. 

Əgər Rəsulzadə və silahdaşları zamanında dövlət elan etməsəydilər, bu gün Azərbaycan adlı müstəqil dövlətin olmayacağını, ən yaxşı halda Çeçenistan kimi, ya da sıradan mədəni muxtariyyati olan türk xalqlarından biri kimi Rusiyanın əlaltısı olacağımızı başa düşməyən biriləri, nə dövlət, nə millət, nə insanlıq, nə də müstəqillik düşünərlər...

Onları indi yalnız vəzifə və talançılıq düşündürür. Belə düşüncəlilər təbii ki, Rəsulzadə dəyərini başa düşəcək səviyyədə və ağılda ola bilməzlər. 

Belə açıqlamaların bir səbəbi də odur ki, bu hakimiyyəti müdafiə edəcək heç bir savadlı gənc yetişməyib. Heç bir savadlı gənc bu hakimiyyəti müdafiə etmək fikrində deyil. Savadsız və tamahkar gənclik də belə rüsvayçı açıqlamadan başqa bu hakimiyyətə heç nə verə bilməz. 

Aydın düşüncəli gənclərin, Azərbaycanı düşünən hər kəsin Rəsulzadəni qiymətləndirməsi və sevməsi bu hakimiyyətdəkilərin illərdir bu istiqamətdə xərclədiyi milyonlara qalib gəlib. Bunları belə sərsəm açıqlama verməyə məcbur edən səbəblərdən biri də budur. 

Azərbaycan xalqı isə kimin kim olduğunu çox gözəl bilir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. 

Arqument.Az

Bölmələr:




Digər xəbərlər