Son dəqiqə:Trampın Əliyevi Mayamidəki G20 sammitinə dəvət etdiyi bildirilir - 01-11-2026

Arif Hacılı Konstitusiya Məhkəməsinə müraciət etdi

23-11-2015 17:21 / Bu xəbər 180 dəfə oxundu
Arif Hacili 2Müsavat Partiyasının başqanı Arif Hacılı parlament seçkilərinin nəticələrinin təsdiq edilməməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. 

Müraciətdə Müsavat Partiyası 01 noyabr 2015-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri nəticəsində formalaşacaq qanunvericilik hakimiyyətinin xalqın iradəsini əks etdirməyən qeyri-legitim Parlament olacağını bildirərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələri haqqında yekun Protokolunu təsdiq etməməyə çağırır.

Partiyanın mətbuat xidmətindən Arqument.Az-a daxil olan müraciəti təqdim edirik:

"Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri cənab F.Abdullayevə

Hörmətli cənab F.Abdullayev!

01 noyabr 2015-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri zamanı əldə etdiyimiz faklar və onların tədqiqi nəticəsində aşağıdakı faktlar müəyyənləşib:

- Milli Məclisə deputat  seçkiləri ərəfəsində ölkədə demokratik şərait olmayıb;

- ölkədə azad siyasi rəqabət şəraiti yaradılmayıb;

-  siyasi məhbuslar azad edilməyib;

- vətəndaşların söz, ifadə, sərbəst toplaşmaq azadlıqları təmin edilməyib;

-  hakimiyyəti tənqid edən jurnalistlər şərlənərək  həbs olunub, belə hallar seçki kampaniyası dövründə də davam edib;

- azad və ədalətli seçkilərin keçirilməsini üçün qanunvericilik bazası yaradılmayıb;

- bütün seçki komissiyaları hakimiyyətin tam nəzarəti altında təşkil edilib;

- namizədlərə bərabərhüquqlu təbliğat imkanları yaradılmayıb;

-  təbliğat və təşviqat imkanları  məhdudlaşdırılıb, müstəqil Azərbaycan tarixində ilk dəfə seçki debatları üçün ümumiyyətlə pulsuz efir vaxtı ayrılmayıb;

- qapalı və açıq hava görüşləri üçün ayrılmış yerlərin sayı 10 dəfədən çox azaldılıb;

- cəmiyyətin və siyasi qüvvələrin etimadsızlıq göstərməsi səbəbindən seçkilər faktiki olaraq alternativsiz keçirilib;

- müşahidəçilərin hesablamalarına görə seçicilərin seçkilərdə iştirak faizi rəsmi elan olunduğundan xeyli az olub;

- seçki günü saysız-hesabsız qanun pozuntularına və saxtakarlıqlara yol verilib;

- seçki kampaniyası dövründə yol verilən qanun pozuntuları və seçkilərin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasına, Apellyasiya və Ali Məhkəməyə verilən şikayətlər hüquqi müstəvidə araşdırılmayıb və bir qayda olaraq şikayətlərə siyasi sifariş əsasında qiymət verilib;

- bəzi şikayətlərin Ali Məhkəmədə baxılma prosesi başa çatmayıb;

- qeyd edilənləri təsdiq edən detallar Müsavat Partiyasının 1 noyabr seçkilərinin nəticələrinə dair İlkin Rəyində əks olunub (İlkin Rəy əlavə olunur).

01 noyabr 2015-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri demokratik və ədalətli olmayıb.

01 noyabr 2015-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri xalqın azad iradəsini əks etdirməyib.

Qeyd olunanları nəzərə alaraq, Müsavat Partiyası 01 noyabr 2015-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri nəticəsində formalaşacaq qanunvericilik hakimiyyətinin xalqın iradəsini əks etdirməyən qeyri-legitim Parlament olacağını bildirərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələri haqqında yekun Protokolunu təsdiq etməməyə çağırır.

Arif Hacılı, Müsavat Partiyasının başqanı”.

Arqument.Az

Bölmələr:




Digər xəbərlər