Yanan binada boğulan körpənin faciəli taleyi- Əmisi danışdı
"Ömərin ölümünə səbəb onun babası oldu”.
Bunu Arqument.Az-a açıqlamasında mayın 19-da Binəqədi rayonu ərazisində, Azadlıq prospekti 289 ünvanında baş vermiş dəhşətli yanğın nəticəsində dünyasını dəyişən 15 nəfərdən biri olan, yaşyarımlıq Qənizadə Ömərin (Yanğınla bağlı rəsmi qeydlərdə Ömər Cavadov göstərilir.red) əmisi Anar Qəniyev deyib.
Onun sözlərinə görə, 2014-cü ildə may ayının 23-də mərhum Ömərin ana babası, Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru Cavadov Təyyar Salman oğlu 2014-cü ildə may ayının 23-də qardaşı Vüqar Qənizadənin evinə gələrək hər hansı bir tutarlı səbəb olmadan qızını və nəvəsini öz evinə aparıb:
"Ailələr normal keçinirdilər. Qardaşım ailəsinin xoşbəxt olması üçün əlindən gələni edirdi. Təyyar Salmanov isə israrla qardaşımdan ayrı ev almağı tələb edirdi. Vüqar isə bu tələblə razılaşmırdı, çünki onun ata evi yaşamaq üçün münasib idi və ailədə hər hansı bir narazılıq yox idi. Bu hadisədən sonra valideynlərim bir neçə dəfə T. Cavadovun evinə gedərək gəlinlərini gətirmək istədilər, amma bir faydası olmadı və qarşı tərəfin israrları ilə rəsmi şəkildə boşandılar. Qardaşım da ailəsinin dağılmaması üçün əlindən gələni etsə də, yenə də bir faydası olmadı”.
Anar Qəniyev deyir ki, hadisə günü Ömər anası ilə evdə olub: "Ömərin həyatını xilas etmək mümkün olmayıb. Anası xilas olsa da, Ömər tüstüdən boğularaq ölüb. Sizi inandırım ki, bu ailənin dağılmağında yalnız T. Cavadovun rolu olub. Əgər o zamanında bu ailəni dağıltmasaydı, Ömər də indi ata evində ailəsi ilə birgə xoşbəxt həyat sürərdi. Elə bil qardaşımın balası anadan olandan sonra bədbəxt həyata məhkum olub. Dünyanı dərk etməmiş, isti ailə ocağı görməmiş valideynləri ayrıldı, sonu da belə faciəli oldu”.
Mərhum Ömərin əmisi onu da bildirib ki, Təyyar Cavadovd qəddarlığını Ömərin ölümündən sonra da nümayiş etdirib və onun soyadını saxtalaşdırıb: "Təsəvvür edirsiniz, yanğında həlak olanların qeyd edildiyi rəsmi siyahıda Ömərin soyadı Cavadov göstərilir. Bunu da Təyyar Cavadov edib. Halbuki rəsmi sənədlərdə onun soyadı Qənizadə Ömər Vüqar oğlu göstərilir. Yəni bir insanın nifrəti, hikkəsi hansı dərəcədə ola bilər ki, bu hərəkəti etsin. Bu insan göz görə-görə qızının ailəsini məhv etdi, nəvəsinin ölümünə səbəb oldu və yenə də sakitləşmədi”.
İlqar Vəliyev
Arqument.Az
