Rusiyada Şahin Şıxlinskiyə 9 il, oğluna isə 8 il həbs cəzası verildi
Yekaterinburqda azərbaycanlı diaspor üzvləri ilə bağlı məhkəmə qərarı çıxarılıb.
APA-nın məlumatına görə, şəhərin Kirovski Rayon Məhkəməsi Uraldakı diasporun keçmiş rəhbəri Şahin Şıxlinskiyə 9 il, oğlu Mutvalı Şıxlinskiyə isə 8 il həbs cəzası verib. Onlar hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə təqsirli biliniblər.
Məhkəmənin qərarına əsasən, Şahin Şıxlinski cəzasını ciddi rejimli, oğlu isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Bundan əvvəl, martın 5-də Şahin Şıxlinski sifarişli qətl və qətlə cəhd ittihamları ilə 22 il azadlıqdan məhrum edilmişdi. Son qərarla cəzalar birləşdirilib və onun ümumi cəzası 24 ilə çatdırılıb. O, bu müddətin ilk 4 ilini türmədə, qalan hissəsini isə ciddi rejimli koloniyada keçirəcək.
2025-ci ilin iyununda Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatlarını itiriblər.
Hadisədən sonra digər Səfərovlar və bir neçə azərbaycanlı həbs olunub. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədildiyi iddia olunan cinayətlərlə bağlı ittihamlar irəli sürülüb.
Bundan bir neçə gün sonra — iyulun 2-də Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski saxlanılıb. Şahidlərin sözlərinə görə, hərbi geyimli, maskalı və üzərində tanınma nişanı olmayan şəxslər onun olduğu avtomobilin qarşısını kəsərək zor tətbiq ediblər. Şıxlinski və oğlu Mutvalı avtomobildən çıxarılıb, yerə yıxılaraq qandallanıb.
Mutvalı Şıxlinski təxminən 15 dəqiqə sonra sərbəst buraxılıb. Şahin Şıxlinski isə bir neçə saat dindirildikdən sonra azadlığa çıxıb.
Daha sonra hüquq-mühafizə orqanları onların saxlanılması zamanı dövlət nümayəndəsinə qarşı zor tətbiq edildiyini iddia edərək cinayət işi açıb.
Bu iş üzrə iyulun 16-da Mutvalı Şıxlinski yenidən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Şahin Şıxlinski isə axtarışa verilib.
Avqustun 2-də Şahin Şıxlinski Moskvada saxlanılıb və daha sonra Yekaterinburqa aparılıb.
