Jurnalist Əfqan Sadıqov Gürcüstandan deportasiya olunub
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) azərbaycanlı jurnalist Əfqan Sadıqovun 2000 lari məbləğində cərimə olunduğunu, ölkədən deportasiya edildiyini və 3 il müddətinə Gürcüstana girişinin qadağan edildiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, Sadıqov inzibati qanunvericilik çərçivəsində saxlanılıb və müvafiq iş üzrə məhkəməyə təqdim edilib. Tbilisi Şəhər Məhkəməsi onu sosial mediada polis əməkdaşını təhqir etməkdə təqsirli bilib. Qərara əsasən, o, cərimə olunub, deportasiya edilib və ölkəyə girişinə qadağa qoyulub.
Gürcüstan DİN qeyd edib ki, Azərbaycan tərəfi Sadıqovun ekstradisiyasını tələb etsə də, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) tətbiq etdiyi müvəqqəti tədbirə görə bu tələb yerinə yetirilməyib. Nazirlik əlavə edib ki, son günlər Azərbaycan Prokurorluğunun cinayət təqibini dayandırdığı barədə məlumat verilib.
Jurnalist 4 aprel gecə saatlarında Tbilisidə yaşadığı evdə polis tərəfindən saxlanılıb. Binanın dəhlizindəki müşahidə kamerası görüntülərində əvvəlcə qaz sızması bəhanəsi ilə qapının açılmasının tələb edildiyi, daha sonra isə qapının sındırılacağı bildirildiyi görünür.
Jurnalistin hüquqlarını müdafiə edən Sosial Ədalət Mərkəzinin rəhbəri Tamta Mikeladze Gürcüstan DİN-in açıqlamasını tənqid edərək onun həqiqətə uyğun olmadığını bildirib.
Onun sözlərinə görə, AİHM-in müvəqqəti tədbiri məhkəmə tərəfindən ləğv olunmayana qədər qüvvədə qalır və bu iş Gürcüstanın beynəlxalq hüquq öhdəliklərini pozduğu ilk hallardan biridir.
O qeyd edib ki, Sadıqov həbsdən azad edildikdən sonra Gürcüstanı tərk etmək istəyib, lakin məhkəmə məhdudiyyətlər tətbiq edib. Ailəsinin Avropada siyasi sığınacaq aldığı, jurnalistin onlarla birləşmək istədiyi vurğulanıb. Humanitar viza prosesi başladığı halda, ölkəni tərk etmə qadağası səbəbindən bu proses dayandırılıb.
Mikeladzenin sözlərinə görə, Azərbaycan tərəfindən cinayət təqibi dayandırılsa da, Sadıqovun pasportu ləğv edilib və bu qərar əsaslandırılmayıb. Nəticədə, ona ölkəni könüllü tərk etmək imkanı verilmədən birbaşa Azərbaycana deportasiya edildiyi bildirilir.
Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, hazırda jurnalistin harada olduğu və Azərbaycanda hansı vəziyyətlə üzləşdiyi barədə məlumat yoxdur.
