İqtisadiyyatÖlkə

Bakıda mənzillərin satışı və kirayə qiymətləri artıb

2026-cı ilin yanvar-mart aylarında Bakı mənzil bazarında mərhələli və sabit artım trendi müşahidə olunub. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin məlumatında deyilir.

Bildirilib ki, ilin ilk rübündə yeni tikililərdə qiymətlər orta hesabla 3,6%, köhnə tikililərdə təxminən 2,4%, inşası davam edən (“kotlovan”) layihələrdə isə 4% civarında artıb.

Qurum qeyd edib ki, bazarın əsas hərəkətverici seqmenti yenə də yeni tikililər və ilkin satış mərhələsində olan layihələrdir. İnvestor marağı, tikinti xərclərinin artması və yeni layihələrin məhdudluğu bu seqmentlərdə qiymət artımını sürətləndirən əsas amillər kimi göstərilir.

Rayonlar üzrə ən yüksək artım tempinin Səbail, Yasamal və Nəsimi rayonlarında qeydə alındığı bildirilir. Nərimanov, Xətai, Nizami və Binəqədi rayonları sabit və yüksək likvidliyə malik orta seqment bazar kimi qiymətləndirilir. Suraxanı, Sabunçu, Qaradağ, Pirallahı və qismən Xəzər rayonları isə inkişaf edən, lakin qiymət artım tempinin daha aşağı olduğu ərazilər kimi qeyd olunub.

Həmçinin vurğulanıb ki, ötən ay Bakının inzibati rayonları üzrə kirayə mənzil bazarında da ümumi artım tendensiyası müşahidə olunub. Fevral ayı ilə müqayisədə həm yeni tikili, həm də köhnə tikili mənzillərdə qiymətlərin yüksəldiyi qeydə alınıb.

Ekspertlər iqtisadi artımın zəif tempinə baxmayaraq, mənzil bazarında müşahidə olunan bahalaşmanı bir sıra amillərlə izah edirlər. Onların sözlərinə görə, Bakıda tikinti aktivliyi əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb ki, bu da təklifin məhdudlaşmasına səbəb olur.

Eyni zamanda qeyd olunur ki, paytaxtda davam edən söküntü işləri də bazara təsirsiz ötüşmür. Belə ki, əhaliyə ödənilən kompensasiyalar mənzilə tələbi artıraraq qiymətlərin yüksəlməsinə əlavə təkan verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir