İran Hörmüz boğazından keçidləri bərpa edib
İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi bildirib ki, Livanda əldə olunan atəşkəs razılaşmasından sonra Hörmüz boğazından kommersiya gəmilərinin keçidi tam şəkildə bərpa olunub.
Nazir rəsmi açıqlamasında qeyd edib ki, “Livandakı atəşkəs razılaşmasına uyğun olaraq, İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatı tərəfindən əvvəllər müəyyən edilmiş əlaqələndirilmiş marşrut çərçivəsində bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi atəşkəs müddətinin qalan hissəsi üçün tam açıq elan edilir”.
Əraqçinin sözlərinə görə, bu qərar regionda gərginliyin azalması və beynəlxalq dəniz ticarətinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. O, həmçinin vurğulayıb ki, İran tərəfi gəmiçilik marşrutlarının təhlükəsizliyinə nəzarəti davam etdirəcək və beynəlxalq tərəfdaşlarla koordinasiyanı gücləndirəcək.
Xatırladaq ki, İranın ABŞ və İsrail ilə arasında artan hərbi gərginlik fonunda İran bir müddət əvvəl təhlükəsizlik səbəbilə Hörmüz boğazından bəzi gəmilərin keçidinə məhdudiyyət tətbiq etmişdi. Bu qərar qlobal enerji bazarlarında narahatlıq yaratmış, xüsusilə neft daşımalarının təhlükəsizliyi ilə bağlı riskləri artırmışdı.
