Hesablama Palatası avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar aşkarlayıb
Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var.
Bu barədə Hesablama Palatasının “Dövlət auditi” bülletenində bildirilib.
Sənədə əsasən, audit zamanı avtomobil yollarına ayrılan vəsaitlərin effektivliyi təhlil olunub. Müqayisə nəticəsində müəyyən edilib ki, 2024-cü ildə (piyada keçidləri, tunellər, körpülər və yol ötürücüləri nəzərə alınmadan) 1 kilometr yol üçün orta hesabla 17 012 manat vəsait ayrılıb. Bu göstərici 2023-cü ildəki 17 037 manatla müqayisədə demək olar ki, dəyişməyib.
Eyni zamanda, 2024-cü ildə “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun gəlirlərini formalaşdıran mənbələr üzrə daxilolmaların ümumi məbləği 330 milyon manat proqnoza qarşı 506,43 milyon manat və yaxud 153,5 % səviyyəsində icra olunub ki, bu da 176,4 milyon manat artıq vəsait deməkdir.
