DSX-nin daha bir əsgəri Ramin Cəbrayılov vəfat edib
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Ramin Cəbrayılov ölüb. Bu barədə 26 yaşlı əsgərin yaxınları sosial şəbəkədə paylaşım ediblər. Mərhum iyul ayında hərbi xidmətdən tərxis olunacaqdı. R.Cəbrayılov Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirib.
Hadisənin necə baş verdiyi ilə bağlı isə fərqli iddialar səsləndirilir. Bir versiyaya əsasən, hərbçi özünü silahla vurub. Digər iddiaya görə isə o, sərhəddə qaçaqmalçılarla baş verən atışma zamanı yaralanaraq dünyasını dəyişib. Məsələ ilə bağlı hələlik Dövlət Sərhəd Xidməti və digər rəsmi qurumlar tərəfindən açıqlama verilməyib. Hadisənin dəqiq səbəbləri araşdırılır.
Bu son bir ayda Dövlət Sərhəd Xidmətində 4-cü belə hərbçi ölümü hadisəsidir.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmasına əsasən, 2026-cı ilin fevral ayına qədər Azərbaycanda azı 9 hərbi qulluqçu qeyri-döyüş şəraitində vəfat edib. 2025-ci ilin hesabatına əsasən isə, ümumilikdə, 42 hərbçi qeyri-döyüş şəraitində vəfat etmişdi. Onlardan 11-i Dövlət Sərhəd Xidmətinin hərbçisi olub.
