Bakı–Tbilisi qatarının qiymətləri elan olundu
3 dəfəyə yaxın bahalaşma
Mayın 26-dan etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının gündəlik hərəkəti bərpa olunur. Azərbaycan Dəmir Yolları (ADY) bilet qiymətlərini açıqlayıb. Bakıdan Tbilisiyə bir istiqamət üzrə minimum bilet qiyməti 81 manat, gediş-gəliş bileti isə 162 manat təşkil edir. Digər stansiyalardan qiymətlər belədir: Yevlaxdan 67 manat, Gəncədən 62 manat, Ağstafadan 57 manat, Böyük Kəsik–Qardabani sərhəd xətti üçün isə 51 manat.
ADY açıqlanan qiymətlərin plaskart və ya kupe vaqonlarına aid olub-olmadığını bildirməyib. SV (lüks vaqon) qiymətləri də gizli saxlanılıb.
Pandemiya səbəbindən hərəkətin dayandırıldığı 2020-ci ilə qədər Bakı-Tbilisi qatarında gediş haqları plaskart üçün 24.54 manat, kupe üçün 35.32 manat, SV üçün isə təxminən 58.43 manat olub. Yeni tariflər əvvəlki qiymətlərlə müqayisədə xeyli artıb.
ADY Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcovun sözlərinə görə, bilet qiymətləri İsveçrə frankının manata məzənnəsinə əsasən müəyyənləşdirilir. Gürcüstan tərəfinə aid tarif komponentində təxminən 180 faiz artım baş verib ki, bu da yekun qiymətə təsir edir.
Elan olunan tariflər sosial şəbəkələrdə tənqidə səbəb olub. Vətəndaşlar qiymətlərin baha olmasından şikayətlənirlər. Multimedia Mərkəzinin direktoru Osman Gündüz isə ADY-ni manipulyasiyada ittiham edərək bildirib ki, ən ucuz qiymət (51 manat) önə çıxarılmaqla kupe və SV biletlərinin gizli saxlanılan qiymətlərinin müvafiq olaraq 120 və 230 manata çatacağı proqnozlaşdırılır.
Qeyd edək ki, mayın 25-i saat 00:00-dan etibarən Azərbaycan ilə Gürcüstan arasında quru sərhəddi vizasız gəlişlər üçün açılır. Bakıdan qatar hər gün saat 23:10-da yola düşür və növbəti gün saat 08:41-də Tbilisiyə çatır. Gömrük yoxlanışına hər tərəfdə 1 saat olmaqla cəmi 2 saat vaxt ayrılıb.
