ÖlkəSiyasət

“Toplum TV işi” üzrə həbs olunan Ramil Babayev 5 gün ərzində iki dəfə qan qusub

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Toplum TV xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə əvvəlcə təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayevin müraciəti dinlənilib.

R.Babayev saxlanıldığı Bakı İstintaq Təcridxanasında şikayətlərinə baxılmaması səbəbilə 5 gündür quru aclıq etdiyini bildirib.

O deyib ki, ötən məhkəmə prosesindən sonra təcridxana rəisi Elnur İsmayılovun qəbuluna düşmək üçün müraciət edib, lakin bir həftədir onu “yola verirlər”.

“Bu gün-sabah deyə-deyə rəisin qəbuluna buraxmadılar. Rəis müavini Cavid Güləliyev yazdığım ərizələrə baxdı. Birinci tələbim işgəncə faktlarına görə C.Güləliyevə qarşı cinayət işi açılması idi. O isə dedi ki, “burada adamdöyən təkcə mənəm ki?”. Digər tələblərimlə bağlı rəislə görüşdə onları qaldıra biləcəyimi dedi. Mən isə bildirdim ki, qanuna əsasən, o, mənim ərizəmi məhkəməyə göndərməlidir və şikayətim icraata götürülməlidir. 5 gün əvvəl quru aclığa başladım. Həkim müayinəsi və ayrı kameraya köçürülməyimi tələb etsəm də, təmin etmədilər. Yalnız dünən axşam biliblər ki, səhər məhkəmədir və həkim çağırıblar. Mən isə dedim ki, məhkəmədə iştirak etməyəcəm, zorla aparılacağım təqdirdə özümə xəsarət yetirəcəm. Bura da zorla gətirilmişəm. Gətirilərkən saxlanıldığımız otaqda da başımı divara vurmaqla özümə xəsarət yetirməyə hazırlaşırdım. Akif Qurbanov məsləhət gördü ki, məsələnin ictimailəşməsi naminə prosesdə iştirak edim”, – o qeyd edib.

R.Babayev özünü pis hiss etdiyini, 5 gün ərzində iki dəfə qan qusduğunu əlavə edib və məhkəmənin təxirə salınmasını istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir