Dünya

ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olundu

Donald Tramp İranla iki həftəlik atəşkəs barədə razılığın əldə olunduğunu və Hörmüz boğazının yenidən açılacağını açıqlayıb.

İranın Ali Milli Təhlükəsizlik Şurası da razılaşmanı təsdiqləyib. Qurum bunu böyük qələbə kimi dəyərləndirib və atəşkəsin İraq, Livan və Yəməndəki münaqişələri də əhatə etdiyini bildirib.

İsrail Trampın qərarını dəstəklədiyini bəyan etsə də, atəşkəsin Livanı əhatə etmədiyini vurğulayıb. ABŞ–İran danışıqlarında vasitəçilik edən Pakistan isə buna qarşı çıxaraq, razılaşmanın Livanı da əhatə etdiyini bildirib.

Tramp atəşkəs barədə açıqlamanı “Truth Social” platformasında İran üçün müəyyən etdiyi son tarixdən bir saatdan çox əvvəl yayıb. O, əks halda “bütöv bir sivilizasiyanın məhv olacağını” deyə xəbərdarlıq edib.

Tramp bildirib ki, İrandan 10 maddəlik təklif alıb və bunu “danışıqlar üçün işlək əsas” kimi qiymətləndirib.

“İslam Respublikasının Hörmüz boğazının TAM, DƏRHAL və TƏHLÜKƏSİZ şəkildə açılmasına razılıq verməsi şərtilə, İrana qarşı bombardman və hücumları iki həftə müddətinə dayandırmağa razıyam. Bu, qarşılıqlı atəşkəs olacaq”, – Tramp yazıb.

O əlavə edib ki, bu addımın səbəbi “hərbi məqsədlərin artıq yerinə yetirilməsi və İranla uzunmüddətli sülh, eləcə də Yaxın Şərqdə sülhə dair yekun razılaşma istiqamətində ciddi irəliləyişin əldə olunmasıdır”.

İranın Ali Milli Təhlükəsizlik Şurası isə bəyan edib ki, ölkə “tarixi” qələbə qazanıb və ABŞ-ni özünün 10 maddəlik təklifini qəbul etməyə məcbur edib. Qurum eyni zamanda qeyd edib ki, bu danışıqlar müharibənin başa çatması anlamına gəlmir.

Şura bildirib ki, İran təklifini Pakistan vasitəsilə təqdim etdikdən sonra ABŞ ilə danışıqlar cümə günü İslamabadda başlayacaq.

Məlumata görə, 15 günədək davam edə biləcək danışıqlarda Hörmüz boğazından keçid, sanksiyaların ləğvi və ABŞ qüvvələrinin bölgədəki bazalardan çıxarılması kimi məsələlər müzakirə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir