Əli Kərimlinin mühafizəçisinə 6 il həbs verildi
AXCP üzvü və Əli Kərimlinin mühafizəçisi olmuş Novruz Tağıyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi hökmü aprelin 3-də elan edib.
O, dələduzluq və saxta sənəd hazırlama ittihamı ilə təqsirli bilinib. İddia olunur ki, Tağıyev mənzil alqı-satqısı adı ilə bir şəxsdən 70 min manat alıb. Prokuror onun üçün 8 il cəza istəsə də, məhkəmə 6 il həbs qərarı verib.
Tağıyev məhkəmədə bildirib ki, azadlığa buraxılması üçün Əli Kərimlinin əleyhinə ifadə verməsi tələb olunub, lakin o, bunu rədd edib. Onun sözlərinə görə, bundan sonra ona qarşı təzyiqlər başlayıb. İttihamları qəbul etməyən Tağıyev həbsinin siyasi sifariş olduğunu deyib.
Müdafiə tərəfi də ittihamları əsassız sayır. Vəkil bildirib ki, təqdim olunan sübutlar kifayət deyil və iş əvvəlcədən qurulub. Tağıyev də son sözündə dələduzluq etmədiyini vurğulayıb.
AXCP bu və digər həbsləri siyasi motivli hesab edir. Rəsmi qurumlar isə ölkədə siyasi məhbusların olmadığını bildirir. Yerli hüquq müdafiəçilərinin siyahılarına görə, hazırda Azərbaycanda yüzlərlə siyasi məhbus var.
