Siyasət

Rubionun demokratiya və insan haqları üzrə köməkçisi Azərbaycanın səfiri ilə görüşəcək

Martın 2-də ABŞ Dövlət Departamentində Azərbaycanın bu ölkədəki səfiri ilə insan haqları mövzusunda görüş keçiriləcək. Dövlət katibi Marko Rubionun demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Rayli Barns Azərbaycanın səfiri Xəzər İbrahim ilə görüşəcək.

ABŞ-də Donald Tramp administrasiyası hakimiyyətə gələndən Azərbaycana insan haqları, demokratiyanın durumu ilə bağlı açıq çağırış səslənməyib. Ötən ay vitse-prezident Cey Di Vensin Bakıya səfəri zamanı da bu məsələlərin qaldırılıb-qaldırılmadığı bəlli deyil.

Ancaq indiyədək bəzi ABŞ senatorları, konqresmenləri Azərbaycan hakimiyyətini həbsdə olan fəalları, media əhlini, o cümlədən AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadəni azad etmək çağırışı ediblər. Onlar ABŞ rəsmilərini Azərbaycana bu yöndə təzyiq göstərməyə çağırıblar.

İnsan haqları qrupları hazırda Azərbaycanda 340 məhbusun siyasi motivlərlə cəza çəkdiyini bildirir. Hakimiyyət təmsilçiləri isə ölkədə siyasi təqiblərin olmadığını, fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını bildirirlər. Beynəlxalq insan haqları qurumları da Azərbaycanı siyasi repressiyaları dayandırmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir