Korrupsiya ittihamı ilə həbsdə olan sabiq vəzifəli şəxslər azadlığa buraxılıb
Neftçala Rayon İcra Hakimiyyəti başçısının həbsdə olan sabiq müavini Gültəkin Sadıqova amnistiya aktı çərçivəsində dekabrın 22-də azadlığa buraxılıb.
G.Sadıqova 2020-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılıb.
2021-ci ilin oktyabrında o, Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə 6 il yarım azadlıqdan məhrum edilib. O, hökmə qədər azadlıqda olub.
Həmin əməliyyatda saxlanılan icra başçısı İsmayıl Vəliyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Digər xəbərdə isə bildirilir ki, Dövlət Gömrük Komitəsinin (DGK) həbsdə olan sabiq inspektoru Şahin İsgəndərov da amnistiya ilə azadlığa buraxılıb.
Ş.İsgəndərov 2023-cü ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin DGK-nın Aksizli mallar İdarəsində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham edilərək 5 il azadlıqdan məhrum edilib.
Sonradan Ali Məhkəmə onun cəzasını 5 ildən 3 ilə endirmişdi.
Dekabrın 15-də prezident İlham Əliyev tərəfindən amnistiya aktı təşəbbüsü irəli sürülüb.
Dekabrın 22-də amnistiya aktı çərçivəsində 300-ə qədər məhkumun azadlığa buraxılacağı, ümumilikdə isə aktın 17 min şəxsi əhatə edəcəyi bildirilir.
