“Bakubus” “Azərenerji” prezidentinin ailə şirkətinə 12 milyonluq müqavilə verdi
“Bakubus” MMC “Bakelektro” ASC ilə satınalma müqaviləsi imzalayıb.
“Bakelektro” ASC “Bakubus”un sifarişi əsasında Albalılıq qarajı üzrə elektrik təchizatı işlərini həyata keçirəcək.
Müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb. “Bir mənbədən” satınalma metodu o deməkdir ki, rəqabət olmadan birbaşa bir şirkətlə tender müqaviləsi bağlanır, detallar ictimaiyyətə açıqlanmır.
Görüləcək işlərin qarşılığında “Bakelektro” ASC “Bakubus”dan 12 milyon 255 min 98 manat 48 qəpik alacaq.
“Bakelektro” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi isə Rzayev Emin Hüseynağa oğludur.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında şirkətin vergi ödəyicisi tarixçəsinə görə, 2009-cu ildə Balababa (Baba) Hüseynağa oğlu Rzayev şirkətin qanuni təmsilçisi kimi fəaliyyət göstərir. Balababa Rzayev hazırda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti olsa da, o illərdə “Bakıelektrikşəbəkə” ASC İdarə Heyəti sədri vəzifəsini daşıyırdı.
Rzayev Emin Hüseynağa oğlu isə “Azərenerji” prezidentinin doğma qardaşıdır.
Meydan TV-nin 5 il öncəki geniş araşdırmasında da yuxarıda adı çəkilən şirkətin Baba Rzayevin ailə şirkəti olduğu vurğulanırdı.
