Cəmil Həsənli Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət edilib
Milli Şuranın sədri Cəmil Həsənli Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) şahid qismində dəvət edildiyini bildirib. O, evində axtarış aparılacağını da istisna etmir.
“Evimizdə heç bir şübhəli sənəd yoxdur. Hamısı öz yazı-pozularımdır. Hansısa şübhəli sənəd və vəsait çıxarsa bilin ki, saxtadır”, – Həsənli bu gün, noyabrın 30-da paylaşdığı “Facebook” hesabında bunları yazır.
Həmin postda, o, Əli Kərimli və Gültəkin Hacıbəyli ilə bağlı səsləndirilən ittihamların əsassız olduğunu və mediada yayılan məktubun “qurama” xarakter daşıdığını da bildirir. Onun sözlərinə görə, həmin sənədin Kərimlinin evində “məxfi sənəd” kimi saxlanması barədə deyilənlər də inandırıcı deyil.
Cəmil Həsənli həmçinin noyabrın 7-də ailəvi səbəblərlə Dubaya səfəri planlaşdırdığını, lakin ölkədən çıxışına məhdudiyyət qoyulacağı ehtimalını nəzərə alaraq səfərdən imtina etdiyini deyib. Onun sözlərinə görə, həyat yoldaşı səfərə yollanıb, o isə geri dönüb.
“Nə zaman istəsələr buyurub həbs etsinlər. Ya evdəyəm, ya da Axundov kitabxanasında”, – deyə Cəmil Həsənli bildirir.
