Dünya

İsaril yenidən atəşkəsi pozdu: 24-ü uşaq olmaqla 91 nəfər həlak olub

İsrail ordusu oktyabrın 29-na keçən gecə Qəzza zolağını bombalayıb. Qəzzanın səhiyyə rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində azı 90 nəfər, o cümlədən 24 uşaq həlak olub.

İsrailin baş naziri Benyamin Netanyahu oktyabrın 28-də ordusuna Qəzzaya “güclü zərbələr” endirməyi əmr etdiyini bildirib. O, bu qərarı atəşkəsin HƏMAS tərəfindən pozulması ilə izah edib.

HƏMAS isə bəyan edib ki, atəşkəs rejiminə sadiq qalır, lakin İsrailin hücumuna cavab olaraq, israilli girovun cəsədinin təhvil verilməsini təxirə salacaq.

Qəzza sakinlərinin sözlərinə görə, gecə ərzində şəhərin müxtəlif yerlərində, o cümlədən Qəzza şəhəri və Deir əl-Bəlahda güclü partlayışlar və tank atəşləri eşidilib.

Məlumata görə, İsrailin təhlükəsizlik kabineti hazırda əməliyyatların davam etdirilib-etdirilməməsini müzakirə edir.

Şərqi Asiyada rəsmi səfərdə olan ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında atəşkəsə inamını ifadə edib. Bununla yanaşı, o, İsrailin HƏMAS-a cavab vermək hüququnun olduğunu bildirib.

“HƏMAS Yaxın Şərqdə sülh prosesinin kiçik bir hissəsidir. Amma əgər onlar özlərini yaxşı aparmasalar, məhv ediləcəklər. Heç kim İsrail əsgərinə nə baş verdiyini dəqiq bilmir, amma bu, snayper atəşi idi və İsrailin cavabı bunun üçün intiqam idi. Məncə, onların cavab vermək hüququ var”, – Tramp deyib.

Xatırladaq ki, İsrail və HƏMAS arasında atəşkəs iki il davam edən müharibədən sonra, oktyabrın 10-da qüvvəyə minib. Razılaşmaya əsasən, tərəflər saxladıqları əsirləri mübadilə etməli və qarşılıqlı hərbi fəaliyyətləri dayandırmalı idilər.

Atəşkəs ABŞ prezidenti Donald Trampın təklif etdiyi 20 maddəlik sülh planının bir hissəsidir. Plan HƏMAS-ın silahlarını təhvil verərək Qəzzada hakimiyyətdən getməsini və zolağın beynəlxalq komitə tərəfindən idarə edilməsini nəzərdə tutur.

HƏMAS rəsmiləri isə bildiriblər ki, yalnız Fələstin dövləti bərqərar olduqdan sonra silahlarını yeni yaranacaq dövlətin ordusuna təhvil verəcəklər.

İsrailin Qəzzaya son iki ildə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 68 mindən çox insan həlak olub. Onların 20 mindən çoxunun azyaşlı olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir