Ədəbiyyat

“AYB SSRİ vaxtı daha lazımi qurum idi” – gənc ədəbiyyatşünas belə düşünür

Azərbaycan ədəbiyyatşünaslığı son illərdə həm elmi, həm də estetik baxımdan yeni istiqamətlər qazanmaqdadır. Bu dəyişimin aktiv iştirakçılarından biri də filologiya üzrə tədqiqatçı, ədəbiyyatşünas Tanrıverdi Əliyevdir. O, Azərbaycan ədəbiyyatının müasir problemləri, tənqid və metodologiya məsələləri, həmçinin milli düşüncənin ədəbi təzahürləri üzərində araşdırmaları ilə tanınır.

“Ədəbiyyat müstəqil ruhun işidir” – Tanrıverdi Əliyev belə düşünür və söhbətə yeni cərəyanların gərəkliyindən başlayır. O, klassikləri sevir, amma diqqəti bu günün yazarlarına yönəltməyin tərəfdarıdır; müasir tənqidin etik dilini, ədəbiyyatın rəqəmsal müstəvidə dərsləşməsini, filologiyanın əzbərçiliyi aşmasını istəyir.

AYB-nin simvolik çəkisi, ədəbiyyatın siyasətlə münasibəti, gənc müəlliflərin poetik axtarışları – hamısı bu söhbətdə səmimi və kəskin nümunələrlə müzakirə olunur.

İlkin Ziyanın Arqument.org üçün Tanrıverdi Əliyev ilə olan müsahibəsini təqdim edirik.

  • Bir filoloq kimi, günümüzdə ədəbi mühitin inkişafını nədə görürsən?

– Əvvəlcə onu deyə bilərəm ki, ədəbi mühitin inkişafı üçün yeni ədəbi istiqamətlər yaranmalıdır. Misal üçün, tarixə nəzər yetirdikdə görürük ki, inkişaf etmiş ədəbi mühitlər, o dövrün istiqamət və cərəyanlarının hesabına böyüyüb. Misal üçün, XX əsrin əvvəllərində iki mühüm dərgi – Molla Nəsrəddin və Fiyuzat romantizm və realizmin Azərbaycansayağı istiqamətləri idi.

İstiqamətlər yarandıqdan sonra onların arasında etik çərçivədə ədəbi tənqid olmalıdır. Məsələn, Molla Nəsirəddinin Fiyuzatı tənqid etməsini nümunə vermək olar. Bununla yanaşı, müasir dövr platformalarında daha ciddi ədəbiyyat formalaşmalıdır. Misal üçün, Youtubedə akademik səviyyədə ədəbiyyat tarixi, ədəbiyyat dərsləri təşkil edilsə daha yaxşı olar. Həmçinin, oxucu kütləsini yeni ədəbi əsərlər oxumağa təşviq etmək lazımdır. Düzdür, klassik əsərlər də oxunsa yaxşıdır. Məsələn, oxucu kütləsi hazırda Dostoyevski, Kafka, Viktor Hüqo, Mirzə Cəlil, Mirzə İbrahimov, Süleyman Rəhimov kimi müəllifləri oxuyur. Bu pis deyil, lakin ağırlığı müasir ədəbilərə versələr daha əla olar. Nümunə olaraq: Jun Fosseni, Orhan Pamuku, Orxan Fikrətoğlunu, Seymur Baycanı oxumaq, müasir dövrün problemlərini ədəbi çərçivədə görmək deməkdir, zənnimcə…

  • Adını çəkdiyin ədiblərin mətnlərindən sən nə kimi nəticələr çıxarmısan? Hansı problemlərin səbəbini və həllini tapmısan? Bu ədiblər sənin həllini axtardığın problemlərin qarşısına hansı çıxış yolunu qoyub?

– İlkin, bilirsən necədir? Mənə görə gərək öz dövrünün materialını oxuyub nəsə götürəsən. Şərt deyil ki, həmin fikirləri beyninə hopdurasan, tənqid də edə bilərsən. Amma öz dövrünün materiallarını oxusan daha yaxşıdır. Məsələn, mən ədəbiyyatşünas olduğum üçün əsərə daha çox nəzəri prizmadan yanaşıram. Misal üçün Pamukun “Masumiyet Müzesi” əsərində postmodern elementlərin istifadəsi, metafiksiyanın qurulması, əsərdə İstanbul şəhərinin ab-havasının işlənməsi, obrazların psixoloji durumu vs. Lakin məsələyə sırf psixologiya aspektindən yanaşıldıqda indiki dövr insanının psixi durumunu, indiki dövr yazıçısının daha yaxşı biləcəyi qənaətindəyəm. Necə ki, maarifçilik dövr Almaniyasındakı insanların psixoloji durumunu, (sevgidən çəkdiyi əzab nəticəsində intihar etməsi) İohann Hötenin bilməsi kimi, Jun Fosse də müasir dövr insanının psixoloji durumunu daha yaxşı bilirdi. Və buna nəzərən O, Septologiya əsərində Aşlenin timsalında, identifikasiya — yəni kimlik (milli kimlik yox ha), insanın get-gəllər içində olması, ruhaniyyət kimi məsələlərə toxunurdu. Məsələyə biz estetik prizmadan yanaşdıqda isə mənə görə hər dövrün özünəməxsus estetik zövqü olub ki, müasir insan müasir yazarların əsərlərini oxuyaraq, modern zövq sahibi olaraq bayağılıqdan və səfsətəçilikdən uzaq dura bilər.

  • Səncə, Azərbaycan ədəbiyyatında elə müsirlər varmı ki, onlar həqiqətən səni düşündürə bilir və oxunması hər ədəbiyyatsevər üçün zəruridir? Hansı ədəbiyyatıçımız üçün deyə bilərik bunu və hansı xüsusiyyətinə görə?

– Düzünü desəm, mən indiki yaradıcılığımda Tomas Eliot, Şarl Bodler, Paul Elüar kimi avropalılardan (düzdür, onların da dövrü keçsə də), müasir İran poeziyasının nümayəndələrindən- Nima Yoşiç, Nəstərən Şelt, Ehsan Pərsa və.s, türk poeziyasının modernistlərindən- Nazim Hikmət, Ahmet Hamdi Tanpınar, Savaş Karaduman vs təsirlənmişəm. Hərəsi müxtəlif təsirlər edib mənə. Azərbaycan ədəbiyyatından da daha çox Fikrət Qoca, Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu və başqalarının şeirləri məni titrədib. Sadaladığım bu ədiblər avanqard şeirin nümayəndələridir deyə sözləri daha əsrarəngiz formada istifadə ediblər və oxucuları düşündürürlər.

Lakin bir neçəsini çıxmaq şərti ilə, artıq onlar da ədəbiyyat tarixinin səhifələrinə yazılıblar. Müasir Azərbaycan ədəbiyyatında mən öz generasiyamızın modernist qolunun (şərti olaraq) əsərlərini bəyənirəm. Misal üçün, sənin şeirlərin, Yusif Bidanın, İsa Məmmədin, Məzahir Mizanın, Anar Oğuzun, Ceyran Məmmədovanın vs yaradıcılıqları məni düşündürməyə, sorğulamağa sövq edir. Bununla yanaşı bizdən əvvəlki müasir nəslin nümayəndələrindən olan Seymur Simurqun, Məlik Cahanın yaradıcılıqları mənə görə vacibdir. 2000-lər generasiyasından da İlqar Fəhminin roman və müxtəlif şeirləri, Orxan Fikrətoğlunun hekayələri, Salam Sarvanın sürrealizmə yaxın yaratdığı poeziya ədəbiyyatımız üçün lazımdır. Təbii ki, burda adları çəkilməyən bir çox ədiblərimiz var ki, onlar ədəbiyyata böyük töhfələr verirlər.

  • Adını çəkdiyin gənc ədiblərin demək olar ki, hamısı solçudur. Bu gənclərin adını çəkməyinin sırf idealoji bir səbəbi var, yoxsa sadəcə təsadüfdür?

– İlkin, açığı desəm, mən solçuluğun nə olduğunu yeni-yeni öyrənirəm. Birincisi, dissertasiya mövzumun Nazim Hikmət və Azərbaycan poeziyası olması məni solçuluğu öyrənməyə vadar elədi. Bundan əvvəl mən sağ və sol görüşləri yalnız tarix kontekstində bilirdim. Bununla yanaşı, Nazimi dərinləməsinə oxumağımla sizinlə tanış olmağım demək olar ki, eyni dövrə təsadüf elədi. Bəlkə də, bu ilahi lütfdür, bilmirəm. Adlarını çəkdiyim ədiblərlə çoxdan tanışlığım var idi, içi sən qarışıq. Sizlərin yaradıcılığını sırf ideoloji kontekstdə deyil, daha çox ədəbi kontekstdə bəyənirəm. Necə ki, siyasətdə sol və sağ görüşlər varsa, ədəbiyyatda da müasir və klassik cərəyan və istiqamətlər var ki, sizlər müasir təbəqəyə aidsiniz. Ümumilikdə desəm, sizin yaradıcılığınıza şəxsi tanışlıq, ya da ideoloji prizmadan yanaşmıram. Çünki sizin yaradıcılığınızı oxuyaraq sizlərlə tanış olmuşam, sonradan isə solçuluğun nə olduğunu öyrənmişəm.

  • Söhbət siyasətdən açılmışkən… Səncə, Azərbaycanda ədəbiyyatın siyasi prosseslərə mənfi, ya da müsbət təsiri olurmu? Ümumiyyətlə, ədəbiyyat öz gücünü siyasi dəyişikliklərdə göstərə bilərmi? Göstərərsə, necə edə bilər? Göstərmirsə, səbəbini nədə görürsən?

– İnanırsan, bir neçə gündür bu sualın cavabını axtarmaqla məşğulam. Çünki Avropa ədiblərinin siyasətə yön verdiklərini müşahidə etmişəm. Misal üçün, Fredrix Şiller öz əsərlərində Almaniyanın feodal dağınıqlığından və zəif hakimiyyət quruluşundan bəhs edirdi. Və ya canım sənə desin, Nazim Hikmət öz sosialist görüşləri ilə türk ədəbiyyatında marksist estetika yaratmaq istəyirdi. Yaxud sağçılıqdan misal vermək olar. Məsələn Əli bəy Hüseynzadə ya da Ziya Gökalp kimi nasionalistlər öz ideoloji görüşlərinin hesabına ədəbiyyat aspektindən siyasətə yön verirdilər. Müasir dövr Azərbaycan ədəbiyyatında isə sanki ədəbi baxımdan siyasi proseslərə təsir göstərmək bir qədər zəifləyib. Ədiblərimiz ya ədəbiyyata töhvə vermək istəyirlər, ya da maarifçilik edərək sosioloji məsələlərə münasibət bildirirlər. Bizim toxunduğumuz məsələlər daha çox sosial məsələlərdir. Misal üçün, xalqdakı intellektuallılığın zəifləməsi, bayağılığa meyil etməsi, adət-ənənələrdəki səfsətə fikirlərə inanaraq əməl etməsi, yeniliyə və tənqidə açıq olmaması kimi məsələlər sosial problemlərdir. Lakin mənə elə gəlir ki, kifayət qədər siyasi məsələlərə toxunuruq. Məsələn, mənim fələstinli Hind Rajabın ölümünə yazdığım şeir, Anarın “Diktator içimdəydi… içimdəydi bilirdin. Ukraynada, sahildə, qum üstə sərildin.” misrası vs. Öz generasiyamızın nümayəndələrinin yaradıcılıqlarında siyasi proseslərə toxunduqlarının şahidi oluruq…

  • Azərbaycan ədəbiyyatçıları müstəqildirmi səncə? Ümumi olaraq, ədəbi müstəqillik deyiləndə ağlına nə gəlir? Nə üçün ədib müstəqil olmalıdır?

– Belə deyim, ümumiyyətlə ədəbiyyat, rəssamlıq, musiqi, heykəltəraşlıq vs kimi incəsənət sahələri daxildən gələn enerji hesabına yaranır. Kimiləri buna ilahi ilham deyir, kimiləri emosional enerji partlaması, kimisi də fikirlərin bir yerdə cəmlənib çölə vurması kimi səciyyələndirir. Bu səciyyələndirmələrlə işim yoxdur, əsas məsələ burda insanın ruhu faktorudur. İnsanın ruhu gərək müstəqil olsun ki, yaradıcılıqla məşğul olsun. Məsələn, tutalım ki, mənim bir sevdiyim var və mən yalnız ona bütün səmimiliyim və eşqim ilə şeir həsr edirəm. Bu onun və onun timsalında sevənlər üçün səmimi bir şeir olacaq. Ancaq mən sifarişlə 5-10 manatın xətrinə kiminsə sevgisi üçün şeir yazsam artıq bu səmimi olmayacaq. Çünki işin içinə kapital girir, pul xətrinə yazıramsa, artıq mən pulun qulu oluram, müstəqil olmuram. Bununla yanaşı ədibin özünün də estetikası olmalıdır. Düzdür, təsirlənmə mütləq ki, olur. Məsələn, bayaq dediyim kimi mən Nazimdən təsirlənirəm, fəqət onun təsirləri ilə öz beynimdə gerçəkləşən emosional partlayışları sintez edərək birşey yaradıb ortaya çıxardıram. Mən yalnız və yalnız Nazimdən təsirlənim, beynim başqa bir şey istehsal eləməsin, ancaq Nazim nə yazıbsa mən də ondan yazım, bu, artıq qeyri-müstəqilliyin əlamətidir. Və o şeirləri mən yox mənim beynimdə oturan Nazim yazır. Müasir Azərbaycan ədəbiyyatının bəzi nümayəndələri ədəbiyyatla ya kommersiya məqsədi ilə, ya publikaya oynamaqla, ya da like yığmaq üçün məşğul olurlar. Təbii ki, hamıya şamil edə bilmərəm, ixtiyarım da yoxdur.

  • Filologiyanın ədəbiyyata verməli olduğu nədir, Tanrıverdi? Nəsə vermək kimi bir öhdəliyi varmı?

– Filologiya ümumilikdə üç mühüm elmi öyrənir. Dilşünaslıq, ədəbiyyatşünaslıq və mətnşünaslıq. Qısası belə deyim ki, ədəbiyyatşünaslığı öyrəndiyi üçün sözsüz ki, ədəbiyyata töhvə verəcəkdir. Birincisi, klassik əzbərçilik və tərifləmə texnikasını insanların beynindən silib atmalıdır. Onun yerinə mətni analiz etməyi, çoxşaxəli baxış bucağını öyrətməlidir. İkincisi, anaxronik yanaşmanı aradan qaldırmalıdır filologiya. Məsələn, realizm kimi bir ədəbi-estetik cərəyan XIX əsrdə yaranıbsa, onu gətirib Molla Pənah Vaqifin şeirlərinə calamamalıdır. Çünki gülünc səslənir. Üçüncüsü, məsələni dəqiq araşdırmağı öyrətməlidir. Əfsusar olsun ki, bəzi dırnaqarası filoloqlar hələ də “vəhdətül-vücud” anlayışını panteizmlə eyniləşdirir və oxuculara təqdim edir. Bu doğru hal deyil. Bunlarla yanaşı mənə görə şair, yazıçı və dramaturqlar müəyyən qədər estetik nəzəriyyəni bilsələr yaxşıdır. Şərt deyil ki, özlərini hanısa cərəyanda klasifikasiya etsinlər, bu onların işi deyil, filoloqların işidir. Ancaq öz estetik zövqlərini formalaşdırmaq üçün müəyyən miqdarda nəzəri görüşləri bilsələr daha yaxşı olar. Həmçinin bir ədib müasir Azərbaycan dilinin dil qanunlarını bilməlidir ki, azərbaycanca əsərlər yazsın-yaratsın. Əgər yazar, ya da dramaturqsana, mütləq şəkildə proza və pyes üslubiyyatını bilməlisən ki, bunu filologiya öyrədir.

  • Bəs bu saydıqlarına niyə filoloqların bir çoxu əməl etmir? Problem təhsildədir, yoxsa başqadır?

– Bu məsələyə öz həyat təcrübəmdən aydınlıq gətirmək istəyirəm. Mən Türkiyədə 1 il yəni 2 semestr ərzində Yeni türk ədəbiyyatını (Tənzimat dövründən- İkinci Yeniciyə qədər) analitik şəkildə öyrəndim. Halbuki, 4 il ərzində XX əsr Azərbaycan ədəbiyyatını düzəməlli öyrənə bilmədim. Bunun ən böyük səbəbi təhsil məsələsidir, bəli. Təhsilimiz əzbərçi və tərifli sistemə söykəndiyi üçün məsələləri geniş formada öyrənə bilmirik. Habelə, XX əsr Azərbaycan ədəbiyyatı mənə görə doğru-düzgün araşdırılmayan dövrlərdən hesab olunur. Çünki həmin dövrün qəzet və jurnallarından xəbərimiz yoxdur, sadecə bir neçə filoloqun yazdığı kitaba istinad edərək kiçik-kiçik qənaətlər əldə edirik, bir sözlə mənbə oxuya bilmirik. Universitetlərimizin bəziləri əfsuslar olsun ki, kadr, şəxsiyyət və mədəni insan yetişdirmirlər. Əksər filoloqlarımız yeni fikirlərə açıq deyil, tənqidi və analitik təhlil qaydasını qəbul etmirlər. Bəziləri eləbil gününü keçirmək üçün universitetə gəlir. Çox az bir hissəsi tələbəyə nəsə öyrətmək üçün canla-başla çalışır, vuruşur. Belə bir təhsil sistemində təbii ki, filoloq öz səfsətə fikirlərini yazıb-doldurub kitab halına salacaq. Bəzi filoloq- müəllimlər işləri rahat olsun deyə öz fikirlərini tələbəyə aşılayırlar, halbuki müəllim tələbəyə düşüncələrini aşılamamalı, düşünməyi öyrətməlidir.

  • Maraqlıdır, bəs AYB haqqında nələr düşünürsən? Səncə, Yazıçılar Birliyi gənclərə yetəri qədər motivasiya, resurs və imkan ayırırmı? AYB üzvü olmaqla ədəbiyyata töhfə vermək olarmı. Yazıçı üçün nəyi dəyişir bu quruma üzv olub-olmamaq?

– Düzünü desəm, ümumi olaraq, ədəbi proseslərə nəzər yetirəndə onu görürəm ki, ədəbiyyat artıq fərdiləşir. Bu da mənə görə qlobalist dünyada öz kimliyini araşdırmaqla bağlıdır. Mənə elə gəlir ki, AYB SSRİ vaxtı daha lazımi qurum idi, nəyinki indiki dövrdə. Dediyim kimi, artıq yeni nəsil yaradıcı insanlar fərdi və müstəqil şəkildə yazıb-yaratmaqla məşğuldular. AYB-nin gənclərə dəstək olması məsələsi barədə mənim məlumatım yoxdur. Bilmirəm dəstək olurlar, ya olmurlar, ancaq həqiqətən də bu barədə heç nə bilmirəm. Müsahibənin əvvəlində dediyim kimi, müasir dövr ədəbiyyatın inkişafı üçün müstəqil şəkildə ədəbi istiqamətlər olmalıdır. AYB var, tamam. Ancaq AYB ilə paralel AYB-ə bağlı olmayan müstəqil icmalar, cəmiyyətlər və cərəyanların olması mənə elə gəlir ki, ədəbiyyatımızın inkişafı üçün böyük töhfə olar. Məsələn, bizim generasiyadan olan yazarlar Azərbaycan Yazıçılar Birliyinə üzv deyillər, bu o demək deyil ki, bizim generasiya qeyri-ciddidir, xeyr. AYB üzvü olmaq bərabərdir ciddi yazıçı anlayışı Sovet dövründə ilişib qalmış streotipdir ki, bu streotip sındırılmalıdır. Mənə görə, müasir yazıçı üçün bu quruma üzv olmamaq faydasız bir əməl deyil. Belə ki, yazıçı AYB üzvü olmayanda hərtərəfli sərbəstlikdə olur, tənqidə açıq olur, yazıçı AYB-nin daxili prosedurlarına, tədbirlərinə və formal işlərinə vaxt ayırmadan yalnız yazıya yönələ bilir, hətta inkişaf edərək beynəlxalq səviyyədə öz ədəbi brendini yarada bilər.

  • Tanrıverdi, yazıçının vətəndaş mövqeyi olmalıdırmı? Belə bir zərurəti varmı hər bir yazıçının? Yoxsa sadəcə yazmaqla kifayətlənməyi bəs edir?

– Ümumiyyətlə, ədəbi estetikada sənət anlayışı bayaq da vurğuladığım kimi, iki yerə –yəni “sənət sənət üçündür” və “sənət cəmiyyət üçündür” prinsplərinə ayrılır. Düzdür, Nəcip Fazilə görə sənət Allah üçündür. Bu ayrı bir mövzudur. Əgər biz sənət sənət üçündür prinspi ilə yazırıqsa, qayəmiz yalnız sənətə xidmət etmək olacaq, sosial və digər məsələlər bizim üçün arxa plana keçəcək. Yox əgər biz sənət cəmiyyət üçündür prinspini əsas tuturuqsa, deməli biz cəmiyyətin sosial məsələlərinə, müxtəlif siyasi mövzulara toxunacağıq. Mənə görə bir yazıçı öz cəmiyyətinin aynasıdır. Hətta sənət sənət üçün prinspini əsas tutanlar belə. Əgər bir oxucu hansısa avanqard bir şeiri oxuyursa, düşünməyə başlayırsa, bu, yazıçının böyük uğurudur. Bu o demək deyil ki, yazıçı oturub ancaq gözəlləmələr yazsın, ya da tərifnamələr yazsın. Bu yazıçılıq deyil, məddahlıqdır mənə görə. Əfsuslar olsun ki, Azərbaycan cəmiyyətində şair anlayışı düzgün çalarlar yaratmır. Məsələn, Türkiyədə olanda “mən şairəm” deyəndə hamının təfəkküründə intellektual, düşünən, mədəni, cəmiyyətin problemlərindən danışan, onun həllini tapan bir şəxs kimi tanınırdım, hətta bakkal dükanlarındakı satıcılar belə elə təsəvvür edirdilər. Təəssüflər olsun ki, bizdə şair deyiləndə ağıla gözəlləmələr yazanlar, boş-boş misralarla guya fəlsəfi fikir deməyə çalışanlar, aşıqlar, bayağı meyxanaçılar ağıla gəlir. Bunun da ən böyük səbəbi vaxtında bəzi məşhur sələflərimizin öz vətəndaş mövqelərini bildirməmələrindən, cəmiyyətin problemlərini qələmə almamaqdan qaynaqlanır. Mənə görə bir yazar həm sənətə, həm də cəmiyyətə xidmət eləməlidir. Onsuz da cəmiyyətdə mədəni təbəqə dediyimiz anlayış sənət adamlarından yəni ədib, rəssam, bəstəkar və.s bunlardan ibarətdir. Əgər biz bu gün mədəniyyət adamı olaraq cəmiyyəti bayağılıq bataqlığından çıxara bilmiriksə, deməli bizim yaradıcılığımız nebula kimi xarici gözəl, amma içi boşdur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir