Ramiz Mehdiyevin YAP-dan çıxarılacağı və dövlət mükafatları, təltiflərdən məhrum ediləcəyi gözlənilir
Ramiz Mehdiyev YAP-dan çıxarılacaq
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılacaq. Bunu YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
O bildirib ki, bununla bağlı bu günlərdə partiyanın müvafiq qurumlarının iclası olacaq: “Ramiz Mehdiyev nə YAP-ın, nə də YAP Veteranlar Şurasının üzvü qala bilər. Məhkum olunan insan partiyada qala bilməz”.
Dünən Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bu maddə üzrə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur.
87 yaşlı Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.
Ramiz Mehdiyev 23.10.2019-cu il tarixindən etibarən Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib. O, hazırda Təhlükəsizlik Şurasının üzvüdür. Ramiz Mehdiyev eyni zamanda, fəxri adı və dövlət təltifləri olan şəxsdir.
“Vikipediya” məlumatlarına əsasən, Ramiz Mehdiyev Azərbaycan Respublikasının “İstiqlal”, “Şöhrət”, “Şərəf” və Heydər Əliyev ordenləri ilə təltif olunub. O, həmçinin, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Həqiqi dövlət müşaviri, YAP Veteranlar Şurasının üzvüdür.
Praktikada ağır dövləti cinayətlərdə ittiham olunan şəxslərin vəzifə səlahiyyətindən və dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı nümunələr mövcuddur.
