Dünya

İsrail və HƏMAS sülh planının birinci mərhələsinə razılaşıb

İsrail ilə HƏMAS qruplaşması israilli girovların azad edilməsi əvəzində İsrail ordusunun razılaşdırılmış bölücü xəttə çəkilməsi üzrə razılığa gəliblər. ABŞ prezidenti Donald Tramp bu barədə oktyabrın 8-də axşam “Truth Social” şəbəkəsində yazıb. ABŞ və Aİ HƏMAS-ı terror təşkilatı kimi tanıyır. Bu qruplaşma 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə hücum edərək 250 nəfəri girov götürüb, 1200 nəfəri qətlə yetirib.

“Fəxrlə bildirirəm ki, İsrail və HƏMAS sülh planımızın birinci mərhələsini gerçəkləşdirməyə razılaşıblar. Bu o deməkdir ki, bütün girovlar yaxın zamanda azad ediləcək, İsrail isə qoşunlarını qarşılıqlı razılaşdırılmış xəttə çəkəcək. Bu, möhkəm, davamlı və daimi sülhə doğru ilk addımdır”, – prezident Tramp qeyd edib.

Razılaşmanın detalları, hələlik, bəlli deyil. İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-la razılaşmanın oktyabrın 9-da hökumətin xüsusi iclasında təsdiqlənməli olduğunu bildirib. O, razılaşmanı “həlledici dönüş nöqtəsi” adlandırıb, Donald Trampa onun əldə olunmasında köməyinə görə təşəkkür edib. Razılaşma çərçivəsində İsrail həbsxanalarından xeyli sayda fələstinlinin azad ediləcəyi gözlənilir.

Sentyabrın sonunda prezident Tramp HƏMAS-ın israilli girovları buraxması, əvəzində isə İsrailin təxminən 2 min fələstinlini azad etməsini nəzərdə tutan sülh planını təqdim edib. Girov götürülmüş 48 israillinin taleyi hələ də bəlli deyil. Onlardan 20-sinin sağ olduğu güman edilir.

Sülh planında HƏMAS-ın silahsızlaşdırılması, Qəzzada hakimiyyətdən uzaqlaşdırılması da nəzərdə tutulur. Oktyabrın 4-də HƏMAS qruplaşması açıq bəyan edib ki, planın bəzi bəndləri – israilli girovların fələstinlilərlə dəyişdirməyə, Qəzzanın idarəçiliyində iştirakdan imtinaya razıdır. Ancaq digər bəndlərin danışıqlarda müzakirə edilməli olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir