ƏdəbiyyatÖlkə

Gənc ədəbiyyatçı ilə müsahibə: “Azərbaycan ədəbiyyatı lakeyliklə məşğuldur”

Yusif Bidan ilə müsahibə

Azərbaycanın gənc ədəbiyyatçılarından biri, esseləri və publisistik yazıları ilə tanınan Yusif Bidan son illər ədəbi və ictimai mühitdə diqqət çəkən adlardan biridir. O, “Mənim epifaniyam” və “Banan Respublikası” kimi kitabların müəllifidir, həmçinin bloq yazıları və sosial şəbəkə paylaşımlarında gənc nəslin düşüncələrini, sosial reallıqları və ədəbiyyatın cəmiyyətlə münasibətini ironiya və səmimiyyətlə qələmə alır.

Yusif Bidan həm də pedaqoji fəaliyyətlə məşğul olmaq istəyirdi. Lakin bu gün onunla bağlı yeni qalmaqallı bir hadisə ictimaiyyətin diqqətinə gəlib: ədəbiyyatçı deyir ki, Qərbi Kaspi Universiteti onu heç bir rəsmi əsas olmadan işdən azad edib. Onun sözlərinə görə, müəllim kimi dərslərə başladıqdan cəmi bir neçə gün sonra sosial şəbəkə paylaşımlarına görə xəbərdarlıq alıb və daha sonra rektorun göstərişi ilə işdən uzaqlaşdırılıb. Müəllif baş verənləri “qanun pozuntusu və istismar” adlandıraraq hüquqi müstəviyə daşıyacağını bildirib.

İlkin Ziyanın “Arqument” üçün Yusif Bidandan aldığı müsahibəni təqdim edirik

– Yusif, çox vaxt sosial şəbəkələrdə Azərbaycan ədəbiyyatının bu gününə və gələcəyinə dair narahatlıqlarını ifadə edirsən. Nədir bu narahatlığın səbəbi?

– Düzgün müşahidədir. Narazılığım var. Amma bu heç də milli ədəbiyyatımıza duyduğum məhəbbətdən, onun təəssübünü çəkməkdən irəli gəlmir. Narahatam – ona görə ki, bu günkü Azərbaycan ədəbiyyatı lakeyliklə məşğuldur. Onlar oxuculara da mütiliyi təlqin edir və ölkədə sonu görünməyən yazıqlar ordusu yaranır. O yazıqlar da elə bilir ki, belə olmalıdır.

– Səni ən çox ədəbiyyatın bu günü narahat edir, yoxsa gələcəyi?

– Dostoyevski deyir ki, ədəbiyyat bu günlə möhkəm bağlıdır. Məni də ədəbiyyatın bu günü narahat edir. Neoliberal dünya “təzə” tendensiyalar yaradır, libasını dəyişmiş təzə meyillər ədəbiyyatda yenidən peyda olur. Ədəbiyyat bu gün siyasi proseslərə qarışmır. Halbuki, əksi olmalıdır. Bu vaxta qədər əksi olub qarışıb, ona istiqamət verib.

Marksın 19-cu əsrin ingilis romanları ilə bağlı çox gözəl bir fikri var. Deyir ki, ingilis romanları və romançıları ictimai və siyasi həqiqətləri açıb göstərməyi dövrün siyasətçilərindən daha yaxşı bacarıb. İndi hansı romanlar dövrün həqiqətlərini açıb göstərir, ya da onlar haqqında kim danışır? Heç kim. Dövrün xəstəliklərindən biri də budur.

– AYB üzvü olan bir çox yazıçını yaltaq və qorxaq adlandırırsan. Bu yazıçılar və AYB olmasa, bu gün Azərbaycan ədəbiyyatında hansı müsbət dəyişikliklər yaranardı səncə?

– Heç bir dəyişiklik yaranmazdı. Çünki nə bir başa AYB üzvləri, nə də AYB üzvü olmayıb “Ədəbiyyat qəzetində” çap olunan proksi AYB üzvləri yeniliyə və mübarizəyə hazırdır. Mən iki-üç il əvvəl AYB-yə üzv olmayan, amma “Ədəbiyyat qəzetində” çap olunan adamlarla eyni məclisə düşmüşdüm, onlardan biri mənə demişdi ki, “sovet ittifaqında cins şalvar geyinmək qadağan idi, cins şalvarı yalnız burjuylar geyinə bilərdi, sovetdə isə hamı kasıb idi və kasıb kimi görünməli idi”.

Ölkə tarixinə və siyasi ideologiyalara bu qədər məsafəli qalan adamlardan əlimi üzmüşəm. Belədir vəziyyət. Oxuculardan xahiş edirəm ki, cins şalvarın yaranma tarixçəsi ilə maraqlansınlar.

– Bəs bir gənc ədəbiyyatçı kimi səni narahat edən bu vəziyyətlə necə mübarizə aparmağı düşünürsən? Yalnız yazmaqla, yoxsa yazmaqla paralel başqa mübarizə metodlarına da müraciət etmək lazımdır?

– Başqa mübarizə metodları indi mümkün deyil. Biz dialektikanın qanunlarından birinin – kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliyinə çevriləməsinin həyat keçməsini gözləməliyik. Yazmaq da lazımdır. Mən hər dəfə deyirəm, ölkəmizdə yaranan mətnlərin bədii çəkisi yoxdu. Çünki onlar İ.Tennin “irq, mühit və məqam” nəzəriyyəsinə diqqət etmir.

Təbii ki, bu metod ehkam deyil, amma yaxşı bir mətnin ərsəyə gəlməsi üçün formullardan biri budur. Bizdə isə “Məqam” məsələsi yerli dibli unudulur.

Sual ola bilər ki, sən niyə yazırsan? Mən ancaq oçerk yazıram. Bilirəm ki, dəyəri ondan artıq deyil.

– Marksist-Leninist idealara bağlı olmağın yazdığın bədii əsərlərə də yansıyır. Bunu burjua ədəbiyyatına qarşı təsir yaratmaq üçün şüurlu şəkildə yazırsan, yoxsa içindəki solçunu susdura bilmirsən?

– Yadındandır, səninlə bir dəfə liberal təfəkkürü mənimsəmiş müəlliflərin bizim dilə artan tərcüməsi haqqından danışmışdıq?!

Mən düşünürəm ki, planlı şəkildə, Azərbaycan ədəbiyyatşünaslığından marksist şərhi silirlər, yerinə zərəsiz və keyfiyyətsiz liberal şərhlər yazırlar. Düzdür, təəccüblü bir şey yoxdur. Amma mən argentinalı diktator Videlanın əlini sıxan Borxesdən daha çox, nobeldən imtina edən Sartrın şərhlərini görmək istəyirəm. Çünki insanpərvər Sartrdır, Borxes deyil. Əlimdən gəldiyi qədər onların mədəni hegamoniyasına qarşı mübarizə aparıram.

Marksist-leninist ideologiyaya bağlı olmağım isə mənim taleyimdir. Atamın fəhlə, anamın xadimə olması mənə seçim alternativi qoymayıb. “İctimai varlıq ictimai şüuru təyin edib”.

– Anladığım qədərilə, ədəbiyyatın kommersiya məqsədi ilə istifadəsinə kəskin yanaşırsan. Günümüz ədiblərinə bunu deyəndə, çox vaxt “mənim də zəhmətimin bir dəyəri olmalıdır” deyir. Səncə haqlıdırlar, yoxsa bu kimi cümlələr sadəcə özünümüdafiə məqsədi daşıyır?

– Sənəti pul qarşılığında icra eləmək – fərqi yoxdur, ya sənə sifariş verirlər, ya özün satirsan, davamlı hala çevrilsə yaxşı nəticələr verməyəcək. Təbii olmalıdır hər şey. Marks deyirdi ki, “yazıçı əlbəttdəki yazmaq və yaşamaq üçün pul qazanmaldır amma heç bir halda pul qazanmaq üçün yaşayıb-yaratmamalıdır. Yazıçı heç bir vəchlə öz əsərinə bir vasitə kimi baxmamalıdır”. Əgər sən bu gün bizim ədəbiyyatımızda az qala müsahibə vermək üçün də 500-600 manat arası pul tələb edən müəllifləri nəzərdə tutursansa, onların işi çoxdan bitib, onlar artıq ədəbiyyat fəhmlərini itirblər, yaradıclıqlarını başqa cür sübuta yetirə bilmədikləri üçün də maddi olaraq müəllifliklərini satışa çıxarırlar. Hər gecə də yatmamışdan qabaq deyirlər ki, mən yazıçıyam və fikirlərim pula gedir.

– Ədəbiyyatı nə qədər böyük bir silah saysam da, mənə həmişə elə gəlib ki, bu silahla səbəbləri məhv etmək müşkül məsələdir və sadəcə müəyyən simptomların qarşısını almaq olar. Sən nə düşünürsən bu haqda?

– Səninlə razıyam, ədəbiyyat bu gün əvvəlki gücündən uzaqdı, təzə dünya nizamında kitabla nəyəsə nail olmaq mümkün deyil. Lakeyliyin qarşısını almaq olar, o da ancaq simptomlar özünü göstərmədən.

Belə deyim də, Rəşad Məcidi, Anarı realda görən müəllif, onlarla söhbət etmək quddsiyyətini dadmış yazıçı artıq itirilib, onun sağalmaq imkanı yoxdur. Hələ gör sənə nə deyirəm: vaxt var idi, öz əsərləri ilə Azərbaycan xalqını oyatmaq, onu mədəniləşdirmək istəyən Əli Əkbər adlı yazıçı belə indi xəstəliyin ötürücü kanallarından biri olan AYB-ni vurub keçib. Eləcə də Aqşin Yeniseydə xəstəlik özünü kəskin göstərir. Məncə, o da artıq xəstəliyin əsas kanallarından biridir. Həmyaşıdlarımız özünü qorusun.

Mən ən böyük xəstəlik kanalını unutdum. Bu gün Azərbaycan ədəbiyyatında sağalmaz bir yara var – “böyükçölçülük” yarası ədəbiyyatımızda hələ ki müalicəsi olmayan ən təhlükəli xəstəlikdir. Bəli, İlkin, o, AYB-dən də yoluxucudur.

– 3 kitabın çıxıb indiyə qədər. (Yaddaşın hekayəsi, Banan respublikası, Mənim epifaniyam) sənin özünün ən çox hansı ürəyinə yatır? Hansı daha çox səni qane edir ədəbiyyat olaraq?

– Ən sevdiyim kitabım “Mənim Epifaniyam”dır. O, mənim 30 yaşdan əvvəl ədəbiyyat və insan haqqındaki yekun şərhimdir.

– Bir də mənə maraqlı gəlir ki, heç nəzmdə özünü yoxlamısanmı? Heç düşünmüsənmi ki, “görəsən, şeir yazsam necə alınar?”

– Yox, İlkin. Poeziya mənlik deyil. Mən bir az qalınqabırğa adamam, ya da tamamilə həssas deyiləm. Poeziya, şeir mənim üçün əlçatmaz, ünyetməz uzaqlıqdadır. Şeir nəsə başqa şeydir. O mənim yaradıcılıq imkanlarımın hüdudlarına daxil deyil. Mən sənin şeirlərinin xəstəsiyəm…

– Yusif, əvvəlki suallarda bunu aşağı-yuxarı cavablasan da, mən adəti pozmaq istəmədiyim üçün, sənə ənənəvi sualımızı vermək istəyirəm: Yazıçının vətəndaş mövqeyi olmalıdırmı? Ümumiyyətlə, olub-olmaması sənə görə nəyi ifadə edir?

– Belə bir təxəyyülə dal: Bir gün oyanıb yazıçılığın necə müqəddəs, necə möhtəşəm bir sahə olduğunu hər yerdə yazırsan, deyirsən ki, “şəhidlər haqqında bu şeir məni yaman mütəəssir elədi, şair göylərdən ilham alıb yazıb”. Başqa gün də deyirsən, “allah dövlətimizin canını sağ eləsin, Ramiz Rövşənə ev verdi, o, xalqımız üçün yazıb-yaradıb. Böyük şairdir, evə tam layiqdir”.

Amma bir gün ölkədə ictimai-siyasi məzmunlu hadisə baş verir və haqlı olaraq xalq səndən ürkə-ürkə tələb edir ki, “şair, hadisələr haqqında nə düşünürsən, ziyalı mövqeyin nədir?”

Bəli, xalq o xalqdır – Ramiz Rövşənə ev qazandıran, Ramiz Rövşənin şəninə yazıb-yaratdığı. İndi səndən də eyni şeyi tələb edir.

Sən neynirsən? Tez tumanını başına çəkirsən, qışqır-bağır salıb deyirsən ki, “Yazıçılardan nə istəyirsiz? Heç gedib “xaladennik” ustasından fikrini soruşmursuz. Elə yapışmısız yazıçılardan, şairlərdən. Biz də adi adamıq, sizdən fərqimiz yoxdur”.

Həə, ondan ağıllı bir baş fikirləşib deyir ki, “Bəs onda dövlət sənin peşəni icra edən adamlara niyə ev verir, yaxud sən özün niyə göylərlə əlləşirsən? Düş yerə yazını yaz da! Niyə bəs yeri gəldi-gəlmədi, xalqa ağıl verirsən?”

Bildin də nə demək istəyirəm…

Yusif Bidan ilə müsahibə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir