Ölkə

Umbakı həbsxanasında 13 inanclı məhbusun aclıq aksiyasına başladığı deyilir

Qapalı rejimli Umbakı Penitensiar Kompleksində saxlanılan 13 inanclı fəalın aclıq aksiyasına başladığı bildirilir.

Bu barədə Müsəlman Birliyi Hərəkatı məlumat yayıb.

Məlumatda bildirilir ki, Elvin Cəfərov, Elgün, Yusif, Mirvasif, İlham və adları açıqlanmayan digər inanclı fəallar “onlara qarşı yol verilən qanunsuzluqlara və haqsız rəftara etiraz əlaməti olaraq” yanvarın 26-da aclıq aksiyasına başlayıblar.

Yaxınlarının hərəkata verdiyi məlumata əsasən, sözügedən şəxslər son 6-7 ay ərzində “sistemli şəkildə qanun pozuntularına məruz qalıblar”.

“Bildirilir ki, onlar heç bir qanuni əsas olmadan artıq 7-8 aydır Umbakı Penitensiar Kompleksində (qapalı, ciddi rejimli müəssisədə) saxlanılır və qanunvericiliyin tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisələrinə köçürülmürlər. Dini inanclılar bu vəziyyətin Azərbaycan Respublikasının qanunvericiliyinə, eləcə də beynəlxalq insan hüquqları normalarına zidd olduğunu bildirərək, haqlı və qanuni tələblərinin yerinə yetirilməsini tələb edirlər.
Onlar bəyan edirlər ki, tələbləri yaxın zamanda təmin olunmadığı təqdirdə, etiraz aksiyasını daha ağır mərhələyə – quru aclıq aksiyasına keçirmək məcburiyyətində qalacaqlar. Bu isə saxlanılan şəxslərin sağlamlığı və həyatı üçün ciddi risk yaradır və məsuliyyət birbaşa aidiyyəti qurumların üzərinə düşür”, – bəyanatda qeyd olunur.

Müsəlman Birliyi Hərəkatı aidiyyəti dövlət qurumlarını, hüquq-mühafizə orqanlarını, Ombudsman Aparatını, eləcə də yerli və beynəlxalq insan hüquqları təşkilatlarını baş verənlərə dərhal reaksiya verməyə, qanun pozuntularını araşdırmağa və aradan qaldırmağa çağırıb.

“Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq”ın ölkədə siyasi məhbus sayılan şəxslərin yanvar ayına olan siyahısında 192 inanclı fəal yer alıb. Siyasi məhbus hesab olunan şəxslərin ümumi sayı isə 340-dır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir