Dünya

Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı

İstanbul Cumhuriyyət Baş Prokurorluğunun Narkotik Cinayətlər Bürosunun apardığı istintaq çərçivəsində bir sıra məşhurlara qarşı genişmiqyaslı əməliyyat keçirilib. Oktyabrın 8-də İl Jandarma Komandanlığı əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı çoxsaylı tanınmış sima ifadə vermək və qan nümunəsi götürülməsi üçün komandanlığa aparılıb.

Şübhəlilər arasında Dilan və Engin Polat cütlüyü, müğənnilər İrem Derici, Hadisə Açıkgöz, Ziynet Sali, aktyorlar Kubilay Aka, Kaan Yıldırım, Metin Akdülger, Mert Yazıcıoğlu, Birce Akalay, Berrak Tüzünataç, Özge Özpirinçci, Demet Evgar, eləcə də sosial media fenomenləri Duygu Özaslan və Talu bacıları da var.

İrem Dericinin vəkili əməliyyatı təsdiqləyərək, müğənninin ifadə vermək üçün jandarmaya getdiyini bildirib. O, həmçinin istintaq materiallarının məzmunu barədə rəsmi məlumatın hələ təqdim olunmadığını deyib.

Ziynet Salinin vəkili Cemil Cem Eribol isə iddiaları təkzib edib.

Vəkilin sözlərinə görə, müğənni Ziynet Sali sadəcə ifadə vermək üçün dəvət olunub:

“Müvəkkilim Ziynet Sali də ifadəyə çağırılıb. Ancaq hazırda ölkə xaricində olduğu üçün qayıtdıqdan sonra ifadəsini verəcək”.

Cemil Cem Eribol həmçinin sənətçinin adının yanlış şəkildə istintaqa qarışdırıldığını bildirib:

“Müvəkkilim Ziynet Sali həyatında siqaret belə çəkməyib. Onun nə bu işlə, nə də adı çəkilən şəxslərlə hər hansı əlaqəsi var. İnanırıq ki, müvəkkilimin adı sehven bu prosesə daxil edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir