Dünya

Tramp, Əliyev və Paşinyanla birgə “Sülh Şurası”nın nizamnaməsini imzaladı

ABŞ prezidenti Donald Tramp “Sülh Şurası” adlanan yeni beynəlxalq qurumun nizamnaməsini imzalayıb. Tramp bu qurumu faktiki olaraq BMT-yə alternativ kimi təqdim edib.

Məlumata görə, imzalanma mərasimi İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda baş tutub. Tədbirdə Yaxın Şərq və Cənubi Amerikadan bir sıra ölkələrin nümayəndələri – Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Argentina və Paraqvay təmsilçiləri, eləcə də Macarıstanın baş naziri Viktor Orban, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın prezidenti İlham Əliyev iştirak edib.

“CNN”in yazdığına görə, səhnədə Trampın yanında 20-dən az ölkənin nümayəndəsi olub və ABŞ-nin ənənəvi Qərbi Avropa müttəfiqlərindən heç kim mərasimdə təmsil olunmayıb.

Tramp çıxışında bildirib ki, “Sülh Şurası” BMT də daxil olmaqla bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək. Ağ Evin mətbuat katibi Kerolayn Livitt Trampın nitqindən sonra açıqlama verərək Şuranın artıq “rəsmi beynəlxalq təşkilat” statusu aldığını bəyan edib. Daha sonra müxtəlif ölkə liderləri Trampa yaxınlaşaraq sənədə imza atıblar.

“Sülh Şurası” ilkin olaraq Trampın sülh planı çərçivəsində müharibədən sonra Qəzza sektorunun idarə olunması üçün nəzərdə tutulub. Lakin nizamnamədən məlum olduğu kimi, qurumun funksiyaları daha genişdir və mahiyyət etibarilə BMT-yə alternativ mexanizm kimi təqdim edilir.

Sənədə əsasən, Şuraya Trampın özü sədrlik edəcək. Ömürlük üzvlük üçün ölkələrə 1 milyard dollar məbləğində töhfə vermək təklif olunur. Bildirilir ki, “Sülh Şurası”na qoşulmaq üçün təxminən 60 ölkəyə dəvət göndərilib. Həmin siyahıda Rusiya, Belarus və Ukraynanın da olduğu qeyd edilir.

Mətnə görə, Avropada sənədi ilk imzalayan lider Belarus prezidenti Aleksandr Lukaşenko olub. O, yanvarın 20-də Şuraya qoşulma sənədini imzalayıb. Bununla yanaşı, Rusiyanın dəvət olunması səbəbilə bir sıra Avropa ölkələrinin qurumda iştirakdan imtina etməyi planlaşdırdığı da vurğulanır.

Rusiya prezidenti Vladimir Putin isə ölkəsinin dəvət aldığını təsdiqləyib və bildirib ki, Rusiya “Qəzzanın idarə olunması üçün yaradılan” bu quruma ABŞ-də bloklanmış Rusiya aktivlərindən 1 milyard dollar ayırmağa hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir