ÖlkəSiyasət

Siyasi məhbuslar Şəmşad Ağa ilə Bəhruz Səmədovun söhbəti

Bu, müsahibə deyil, iki məhbusun dəmir barmaqlıqlar arasında söhbəti, daha doğrusu, müzakirəsidir. Buna bir müəllimlə bir tələbənin dərdləşməsi də demək olar. Şəmşad Ağa “Demokratiya Məktəbi”nin müəlllimi, Bəhruz Səmədov isə tələbəsi olub.

Şəmşad Ağa: Bəhruz, bu gün fevralın 6-dır. Həbsimin 1 ili tamam olur. Sən də iki gündür aclıq aksiyası edirsən. Bilirsən də, mədə xorasından əziyyət çəkirəm, amma yeməyə də utanıram. Ümumiyyətlə, biz utanan adamlarıq. Bəlkə, elə utandığımız üçün buradayıq. Deyəsən, Jijek deyirdi ki, ən vətənpərvər adamlar vətəndə baş verənlərə görə utanan adamlardır. Bu barədə kobud bir pritça da var, sənə danışmışam. Bəs səni ən çox narahat edən nədir: fiziki yoxsa mənəvi aclıq…

Bəhruz Səmədov: Açığı fiziki aclığın tələbi yeməkdir, mənəvi aclıq isə arzuya yönəlib. Mənim arzum təbii ki, azadlıqdır. Aclıq aksiyası mahiyyətcə inkar üzərində qurulur. Burada imtina təkcə yeməkdən deyil, həm də maddidən imtina edib, mənəviyə çatma arzusu var, çünki maddi nemətlərə çatımlılıq hər zaman mümkündür. Təklif də olunur. Məsələn, DTX-nin təcridxanasında həkim mənə demişdi ki, nəyin çatmır, nə narahat edir səni? Kamerada hər şey var. Dedim ki, mənim etirazlarım maddi ehtiyaclarımla bağlı deyil, mənəvi ehtiyaclarım qarşılanmır. Məsələn, mən təbiətcə incəsənətə bağlı adamam. Amma burada istədiyim incəsənət nümunələrini görə bilmirəm, gözəlliklərdən məhrum edilmişəm. İsa Məsihin məşhur bir sözü var: “insan ancaq çörəklə doymur”. 

Şəmşad Ağa: İnsan demişkən, bizim kimi cəmiyyətlərdə insan hər zaman ikinci planda durur. Orta əsr klerikal Avropasında olduğu kimi “hər şey kral üçün, dövlət üçündür”. Amma Avropa bundan xilas oldu. Şərq isə hələ də insan yox, “dövlət başa”dır. Bütün azadlıqlar, suverinlik dövlətə görədir. Dövlət isə kraldır, avtoritardır. Bu səhnədə insan mərkəziyyətçiliyi yoxdur, rejissor da, ssenarist də, aktyor da, dövlətdir, yəni kral. Və mənə görə, bu çox pisdir. 

Bəhruz Səmədov: Haqlısan. Bu, Şərqdə bayaq dediyim kimi fərdi azadlıqların məhdudlaşdırılması kimidir. Şərqdə ümumiyyətlə insan azadlığı konsepsiyası yoxdur, olmayıb. Nəsimi kimi insanı önəmsəyən romantik filosof şairlərin də çevrəsi marginal olub. Hətta onları belə, özünü “Allahın yer üzündəki kölgəsi” sayan hökmdarlar cəzalandırıblar. Bu, təkcə Müsəlman Şərqində deyil, Uzaq Şərqdə də belə olub. Məsələn: Buddizm reallığı illuziya kimi görürdü. Belə cəmiyyətlərdə özündə güclüyə, ağaya sədaqət yüksək əxlaqi standart hesab olunurdu, inkara yer qalmırdı. 

Şəmşad Ağa: Razıyam, hətta özündən güclüyə sədaqət sorğulamağı, müzakirəni də qəbul etmir. İndiki dillə desək, ağaya sədaqət müstəqil fəaliyyəti, siyasəti, hətta insan azadlıqlarını da inkar edir. 

Bəhruz Səmədov: Çünki siyasət özü də sorğulamaq, nəyisə inkar edib yerinə yeni nəyisə təklif etməkdir. Siyasətin olmadığı, qadağan edildiyi, cəmiyyətlərdə nəyisə ciddi sorğulamaq özüdə marginallaşdırır. Siyasətin yerini isə kitç tutur. Burada həqiqət o qədər bayağılaşdırılır ki, sorğu-suala gərək qalmır. Kimsə nəyisə ciddi sorğulayanda düşmən kimi təqdim olunur. Ona görə də Azərbaycandakı bugünkü siyasi reallığı avtoritar kitç kimi səviyyələndirirəm. Avtoritar kitç isə həyatdan uzaqlaşdırır. Bu kitçin təqdim etdiyi bayağı həqiqət kollektivin göz yaşlarına hesablanıb. Kundera deyirdi ki, kitç mövcud olan hər şeylə qəti surətdə razılaşmaqdır. 

Şəmşad Ağa: Məsələn, ona doğru sürətlə irəlilədiyimiz Kim Çen İn kimi 🙂 

Bəhruz Səmədov: Tamamilə doğrudur. 

Şəmşad Ağa: Sülh fəalı kimi tez-tez regiona və dünyaya sülh arzulayırsan. Səncə, sülh çağırışı necə “dövlətə xəyanət” kimi assosiasiya oluna bilir? Bu məntiqlə dövlət və sülh anlayışları bir-birini inkar edir?  

Bəhruz Səmədov: Mənim arzuladığım demokratik sülhdür. Demokratik sülhdə narazılıqlar da, fərqli interpretasiyalar da olur. Mənim istədiyim sülh hansısa kəmərlər, dəhlizlər üzərində qurulmur, insanların və xalqların arasında olur. Səncə, iqtisadi maraqlar üzərində sülh qurula bilər? 

Şəmşad Ağa: Məncə, başlanğıc üçün normaldır. Ümumiyyətlə, bəşər yaranandan ictimai münasibətlərdə iqtisadi maraqlar ciddi rol oynayıb. Amma razıyam ki, sülh insanların düşüncə və təfəkküründə oturuşmalıdır. Bunun üçün də Vətəndaş Cəmiyyəti proseslərdə aktiv rol almalıdır. Əks halda, dövlətlər istədikdə sülh olacaq, istəmədikdə yox. Yalnız iqtisadi maraqlar üzərində sülh dayanıqlı olmur, kövrək olur. 1905-1918-ci illərdəki erməni-müsəlman qırğınlarına Sovet höküməti nə az, nə çox 70 il son qoydu, birgəyaşayış formalaşdı. Amma Sovet dağılan kimi sülh mifi də, birgəyaşayış da dağıldı. Və 30 illik münaqişə bizə həm torpaq itkisinə, işğala səbəb oldu, həm də demokratik inkişaf əngəlləndi. Sonda torpaq qayıtdı, amma demokratiya üfüqlərdə belə görünmür. Dediyim odur ki, Sovet dövründə sülhü dövlət istəmişdi, Vətəndaş Cəmiyyəti yox idi. İndi də “İlham Əliyev və Paşinyan istəyir, əbədi sülh olacaq” deyə bir təminat yoxdur. Çünki bölgədə hər zaman münaqişədə maraqlı olan əsas amil – Rusiya faktoru var. Ona görə də dövlət, sadəcə, ilk körpüləri ata, iqtisadi əlaqələri qura bilər, sonrakı iş Vətəndaş Cəmiyyətinin üzərinə düşür. Bu Vətəndaş Cəmiyyəti də müstəqil olmalıdır, dirijor çubuğu ilə idarə olunmamalıdır. 

Bəhruz Səmədov: Ona görə də Azərbaycanda müstəqil Vətəndaş Cəmiyyətinin sıradan çıxarılması təhlükəli tendensiyadır. Vətəndaş Cəmiyyəti adı ilə prosesə qoşulanlar isə hakimiyyətin narrativləri ilə idarə olunur, hərəkət edir. 

Şəmşad Ağa: Bəhruz, 10 il əvvələ qayıtsaq, səninlə tanışlığımız 2016-cı ilə təsadüf edir. Sən bizim “Demokratiya Məktəbi”ndə tələbə idin. Onda da fərqli yanaşmaların var idi. Amma təsəvvür etməzdik ki, hansısa həbsxana 10 il sonra bizi bir araya gətirəcək: bir müəllimlə tələbəni. Bir dövr üçün “gələcək” dediyimiz şey arxada qalıb və artıq keçmişdir. Bəs yeni bir gələcəyi gətirmək üçün nə etmək lazımdır? 

Bəhruz Səmədov: Sənin də dediyin kimi pozitiv olmaq və gələcəyə ümidlə baxmaq, dayanmadan, ruhdan düşmədən çalışmaq lazımdır. 

Şəmşad Ağa: Bəli, hər cəhdin arxasında bir səbəb, hər səbəbin arxasında bir məqsəd var…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir