Ölkə

“Qazi intiharlarına” daha biri də əlavə olundu

Fevralın 7-də Sumqayıt şəhərinin bulvar ərazisində bir nəfərin cansız bədəni tapılıb. İlkin məlumatlara görə, dünyasını dəyişən şəxs 44 günlük müharibə iştirakçısı, 29 yaşlı Sumqayıt sakini Natiq Nadir oğlu Şamilovdur. Onun özünü asaraq intihar etdiyi bildirilir.

Hadisə cəmiyyətdə müharibə iştirakçılarının üzləşdiyi sosial və psixoloji problemləri yenidən gündəmə gətirib. Son illər qazilərin intiharı ilə bağlı xəbərlərin artması dövlət qurumlarının bu kateqoriyadan olan şəxslərə münasibəti ilə bağlı ciddi suallar doğurur.

Məsələ ilə bağlı digər müharibə iştirakçısı Sənan Zeynalov sosial şəbəkə hesabında video paylaşaraq aidiyyəti dövlət qurumlarına müraciət edib. O, çıxışında müharibə iştirakçılarının üzləşdiyi haqsızlıqlara diqqət çəkib, problemlərin illərdir həllini tapmadığını bildirib.

Sənan Zeynalov eyni zamanda döyüş yoldaşlarına da səslənərək susmamağa, yaşadıqları çətinlikləri ictimailəşdirməyə çağırıb. Onun sözlərinə görə, qazilərin sosial təminatı, psixoloji dəstəyi və cəmiyyətə inteqrasiyası sahəsində ciddi boşluqlar mövcuddur.

Son dövrlər müharibə iştirakçılarının intiharı ilə bağlı bir neçə oxşar hadisə qeydə alınıb. Ekspertlər bildirir ki, bu cür hallar təkcə fərdi faciə deyil, sistemli problemlərin nəticəsidir.

Məsələ ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir