Azərbaycanda ərzağın 8 faiz bahalaşdığı deyilir, amma 20-30 faizdən danışanlar var
Müstəqil ekspertlər Azərbaycanda ərzağın 20-30 faiz bahalaşdığını deyir
Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ölkədə inflyasiya 6 faizə yaxınlaşıb.
Qurum bildirir ki, 2025-ci ilin sentyabrında istehlak qiymətləri 2024-cü ilin sentyabrına nisbətən 5.7 faiz artıb. O cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.9, qeyri-qida məhsulları üzrə 2.4, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5.3 faiz bahalaşma olduğu bildirilir.
Amma müstəqil iqtisadçılar bu rəqəmlərə şübhə edirlər. Onların fikrincə, ölkədə inflyasiya ikirəqəmlidir. Üstəlik, onlar hökumət rəsmilərindən fərqli olaraq bahalaşmanı daha çox daxili amillə izah edirlər. Onlar deyirlər ki, bu il Azərbaycanda həm qaz, həm elektrik, həm də nəqliyyatda gedişlə bağlı ödənişlər artırılıb. İqtisadçılar vurğulayırlar ki, ərzaq məhsullarında da bahalaşma ciddi şəkil alıb. Onların sözlərinə görə, bəzi ərzaq məhsulları il ərzində 20-30 faiz bahalaşıb.
