Metro və avtobuslarda minimum gedişhaqqı bahalaşaraq 60 qəpiyə çatdırılıb
1 oktyabr 2025-ci ildən metro və seçilmiş avtobus marşrutlarında gediş haqqı artırılaraq, hər səfər üçün 60 qəpik olacaq. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bu addım hakimiyyət tərəfindən 2025–2030-cu illəri əhatə edən və Bakı ilə ətraf regionlarda nəqliyyat infrastrukturunun yenilənməsini nəzərdə tutan dövlət proqramı çərçivəsində geniş islahatların bir hissəsi kimi təqdim olunur.
Plana əsasən, metro və seçilmiş avtobus marşrutlarında gediş haqqı hər səfər üçün 60 qəpik olacaq. Yeni tariflər yalnız nağdsız ödəniş sistemi ilə işləyən və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri – məsələn, elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslar – tətbiq edilən marşrutlara şamil olunacaq.
Eyni zamanda, yeni tariflər Bakı–Sumqayıt, Bakı–Abşeron, Sumqayıt–Abşeron və digər şəhərlərarası avtobus marşrutlarında da tətbiq olunacaq.
Azərbaycanda son 2 ildir nəqliyyat daşımaları sektorunda 20%-lik, yəni 10 qəpiklik artım müşahidə olunur. Rəsmi qurumlar bunu sərnişindaşıma xidməti üzrə xərclərin artması, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi ilə izah edir. Lakin vətəndaşlar qiymət artımlarından da, keyfiyyətdən də mütəmadi olaraq şikayətçidir.
